!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gözləri görməyən idmançımızı gözü görməyənlər...

!Reklam – Yazi

Onunla görüşdən sonra telefonumda xəbərlərə göz gəzdirdim. Gördüm ki, “əsgərlikdə olmayana qız verməyin” deyən “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin hərbi xidmətə getmədiyi məlum olub.

Nail Allahverdiyev evlidir, amma işləmir…

Elə müsahibim Natiq Novruzzadə də evlidir, 3 övladı var. O da, “Qaçqınkom” sədrinin nəvəsi kimi işləmir. Kefindən yox ha, gözləri görmədiyi üçün. Füzuli rayonundan məcburi köçkündür və 1993-cü ildən Bakının Nizami rayonunda, Babək 87 ünvanında yerləşən yataqxanada məskunlaşıb.

II qrup gözdən əlil ikən sağlam  gənclərimizdən fərqli olaraq, Novruzzadə hərbi xidmətə yollanıb, xüsusi təyinatlı taborda manqa komandiri kimi  xidmət edib.

“Qarabağlıyam, millətimi və dövlətimi sevirəm. 20 faiz torpaqlarımız işğalda, ana-bacılarımız əsirlikdədir. Buna görə də əsgərlikdən qala bilməzdim”, deyən Novruzzadə biganəlikdən şikayətçidir.

Qısa arayış olaraq qeyd edim ki, Aprel döyüşlərində hərbçilərimizə kömək edən Natiq, 4 idman növündən idman ustasıdır. Hərbi xidmətə yollanan zaman II qrup gözdən əlil olub. İndi isə görmə qabiliyyəti məhdudlaşdığı üçün, I qrup gözdən əlildir. Ali təhsillidir, yoldaşı da Prezident təqaüdçüsüdür. İki qızı da məktəblərarası bilik olimpiadasına hazırlaşır. Oğlunun isə 1 yaşı var. Cüdo paralimpiya idman növündə iki dəfə Avropa üçüncüsü, bir dəfə dünya çempionatının bürünc mükafatçısı, dünya kubokunun gümüş medalçısıdır. Komanda şəklində də iki dəfə Avropa çempionu, eyni sayda da dünya üçüncüsü, bir dəfə dünya çempionu olub.

Pekin yay paralimpiya oyunlarında isə III yer uğrunda yarışdan uzaqlaşdırılıb. Natiq Novruzzadə səbəbini belə izah edir:

“Dedilər ki, sənin gözün görür. Halbuki, həmin vaxt II qrup gözdən əlil idim. Birinci dövrədə İspaniya idmançısını məğlub edəndən sonra, növbəti görüşdə Argentina təmsilçisinə uduzdum. Bəlli olduğu kimi, paralimpiyadada rəqiblər az olur. 73,5 kq olduğum halda, 81 kq çəki dərəcəsində güləşirdim. Televizorda da dedilər ki, ümidimiz Natiq  Novruzzadəyədir. Paralimpiya Komitəsinin o vaxtkı baş katibi  Afiq Süleymanov məni yarışa buraxmadı. Qolumu məcburi olaraq gipsə qoydular ki, guya sınıb. Əslində isə heç bir sınıq-filan yox idi… Beləcə, məni  yarışdan uzaqlaşdırdılar. 

Halbuki, olimpiadada 73,5-lə çıxış etmişəm. Macarıstanda Avropa çempionatında 3-cü oldum, Almaniyada dünya kubokunda ikinci, Türkiyədəki dünya çempionatında üçüncülüyü qazansam da, reytinqdə beşinci olsam da, məni dünya oyunlarına buraxmadılar, göz komissiyasından kəsdilər. Paralimpiya Komitəsi tərəfindən heç bir müraciət, şikayət olunmadı. Mən onları başa sala bilmədim. Əgər lap əvvəldən göz komissiyasından kəsilsəydim, məni tərəziyə buraxmazdılar, heç birinci və ikinci görüşə də çıxmazdım. Bütün bu işlərin başında işdən çıxarılan baş katib Afiq Süleymanov dayanır. Bu məsələni Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov da bilir.  Şəxsi məşqçilərim də məsələdən xəbərdardır. Gözümün görməsini bəhanə gətirərək, beləcə məni Pekin və London paralimpiyasından uzaqlaşdırdılar. Və bunla bağlı heç kimə məlumat verilmədi, gizlədildi”.

Natiq Novruzzadənin sözlərinə görə, onun sağ gözü tamamilə görmür, sol gözünün görmə qabiliyyəti isə 3 faizə bərabərdir. Tezliklə əməliyyat olunmasa, sol gözünü də itirə bilər:

“Artıq bütün yerlərdən əlimi üzüb, ölkə başçısı, cənab İlham Əliyevə müraciət etmişəm ki, müvafiq göstəriş versin. Gözlərimdən məhrum olmayıb, ömrümün qalan hissəsində də vətənə xidmət edim. Heç vaxt məni saymayıblar, bir dəfə də olsun tədbirə çağırmayıblar. Bunlara kim yaxşıdır, kim pul verirsə, onu da sayırlar. İlqar Rəhimovun qəbulunda da olmuşam. Mənə dedi ki, gözünlə bağlı aidiyyatı sənədləri yığ gətir. Mən hələ də başa düşə bilmirəm ki, qardaş, bu aidiyyatı sənədlər nə deməkdir? Xəstəliyimin adı bəllidir, buynuz qişası dəyişməlidir. Əməliyyat üçün tələb olunan pulu heç indiyədək yuxumda da görməmişəm. Dövlət başçısı tərəfindən bir dəfə nəticələrimizə görə mənə 5 min manat verilib. Onun da müəyyən faizini Paralimpiya Komitəsində Afiq Süleymanova vermişəm. Deyiblər ki, həmin pulla ehtiyacı olanlara yardım ediləcək. Bir dəfə də ilin yekununda 350 manat veriblər. Daha sonra da 3 medala görə səhv etmirəmsə, 350 manat almışam; onun da 150 manatını İbrahim İbrahimov komandaya kömək məqsədi ilə məndən aldı. Mənim idman aləmində bütün qazancım bu olub”.

İdmançımız deyir ki, indiki halda onun əməliyyatı Azərbaycanda mümkün deyil, xaricə üz tutmaq lazımdır.

“Dəfələrlə xahiş etmişəm ki, mənim gözümdəki problemlə maraqlansınlar. Bu, çox ağır xəstəlikdir. 1993-cü ildən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatdayam. Rəsmi sənədlər də var. İndiyədək müalicə etmişik, amma gözüm müalicə ilə sağalan deyil, əməliyyata ehtiyac var. Ki, bu da Azərbaycanda mümkün deyil. Ya gərək Türkiyəyə, ya da Rusiyaya getməliyəm. Bunun üçün də təxminən 25 min manat tələb olunur. Göz bəbəyim dəyişməlidir. Sol gözüm görmür, sağ gözümün isə görmə qabiliyyəti 3 faizdir. Hələ ki, kontakt linza ilə birtəhər idarə edirəm. Amma tezliklə, o da görmə qabiliyyətini tamamilə itirəcək”.

EMİN SƏFƏROV

COP29

www.yenicag.az

4944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv