!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

!Reklam – Yazi

“ABŞ senatorları ilə müzakirələr apardıq və ortaq yollar axtardıq ki, beynəlxalq fondlar, təşkilatlar Azərbaycanı tərk etməsin”.

Yenicag.az xəbər verir ki, “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova Amerikaya 10 günlük səfəri başa vuraraq vətənə dönüb. Amerikada rəsmilər və senatorlarla görüşlər keçirən, Senata seçkilərdə müşahidəçi kimi iştirak edən, Nebraska ştatının fəxri vətəndaşı adını alan G. Səfərova “Yeni Müsavat”a müsahibəsində səfər təəssüratlarını bölüşüb.

– Günel xanım, Amerika səfərindən yeni dönmüsünüz. Orada çox vacib görüşləriniz və uğurlarınız olub. Əvvəlcə, ondan başlayaq ki, bu səfər necə baş tutdu? ABŞ-a ilk səfəriniz idimi?

– Amerika tərəfindən bütün dünyada həyata keçirilən bir “Açıq dünya” proqramı var. Ölkəmizdə də bu proqramı ABŞ səfirliyi həyata keçirir. Səfərimiz bu proqram çərçivəsində idi və ictimai –siyasi həyatda fəal olan qadınların Amerikadakı təcrübəni öyənməsi məqsədilə təşkil olunmuşdu. Biz 6 nəfər idik, 1 nəfər isə səfirliyin nümayəndəsi, yəni səfərin təşkilatçılığı ilə məşğul olan şəxs idi. Mən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru olaraq iştirak edirdim. İki gün Vaşinqtonda olduq, rəsmi görüşlər keçirdik. Görüşlərimiz əsasən fondlarla, bir neçə dövlət rəsmisi ilə və “Açıq dünya” proqramının rəhbərliyi ilə oldu. Daha sonra 8 gün Nebraska ştatında olduq. Orada isə senatorlarla görüşlər keçirdik. Bizim səfərimiz ABŞ-da Senata seçkilərin keçirildiyi bir ərəfəyə düşmüşdü. Orada seçki sistemi tamamilə fərqlidir, federal və yerli senatorlar var. Müsbət bir haldır ki, federal senatorlardan 100 nəfəri qadın oldu. Onların arasında miqrantlar da, müsəlmanlar da təmsil olundu. Halbuki biz bu qədər qadının senata seçiləcəyini gözləmirdik. Çünki Trampın verdiyi mesajlar bunun əksini proqnoz etməyə əsas verirdi.

– Seçki prosesini yaxından izləmək imkanınız oldumu?

Biz bu seçkidə müşahidəçi qismində iştirak etdik. ABŞ-da istənilən şəxs gəlib müraciət edərək müşahidəçi kimi seçki məntəqələrində iştirak edə bilər. Nebraskada bizim Dairə Seçki Komissiyaları adlandırdığımız, onlar da isə Mərkəzi Seçki Komissiyaları adlanan qurumda da olduq və müşahidə etdik ki, seçki necə şəffaf gedir.

– Bütün dünyada təbliğ olunan ABŞ demokratiyasını bu seçkilərdə müşahidə edə bildinizmi?

Ümumiyyətlə, Amerika nəinki başqa bir materik, sanki başqa bir dünyadır. Bu ölkədə demokratiyaya və insan hüquqlarına riayət olunan çox gözəl bir sistem var. Fərq ondadır ki, ölkəmizdə insan hüquqları qanun-qaydadırsa, Amerikada bu bir mədəniyyətdir. Bu illərlə formalaşmış bir sistemdir ki, insanlar qanunları pozmamağı hüquqi bir vəzifə, borc kimi yox, bir mədəniyyət kimi qəbul ediblər. Ümumilikdə isə, seçki prosesi tamamilə fərqli olduğundan müqayisə bir qədər doğru olmazdı. Amerikada hətta internet üzərindən onlayn səsvermə imkanı var. ABŞ vətəndaşları seçki hüquqlarından istifadə etməyə meyllidirlər, onlar bunu özünüifadə azadlığının bir hissəsi kimi qəbul edirlər.

“Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

– Rəsmilərlə, fondlarla keçirdiyiniz görüşlərdə nələr müzakirə olundu?

Mənim üçün ən vacib olan görüşlərdən biri də senatorlarla görüş idi ki, ABŞ xarici siyasətində Azərbaycanın mühüm bir geosiyasi məkanda yerləşdiyini nəzərə alsın. Çünki burada Rusiya və İran faktoru var. ABŞ sanki xarici siyasətində Qafqazdan çəkilmiş kimi görünür. Mən ictimai-siyasi proseslərdə iştirak edən bir insan kimi bunu istəmirəm. Çünki Amerika təşkilatları, beynəlxalq institutları demokratiya, insan haqları və sairlə bağlı təcrübələrini Azərbaycanla bölüşməyə çalışır. Mən fəaliyyətim boyunca Amerika təşkilatında işləmişəm, yalnız bir müddət Avropa təşkilatı ilə çalışmışam. Onların bu sahəyə verdiyi önəmin şahidi olmuşam. Bu təşkilatlar Azərbaycanda qanunvericiliyin daha da təkmilləşməsinə çox dəstək veriblər. Bizim marağımız o idi ki, Amerika Azərbaycanı bölgədə öz tərəfdaşı kimi görsün. Rəsmilərə çatdırmaq istədiyimiz də məhz bu idi.

– ABŞ rəsmilərinin Azərbaycan haqqında təəssüratları, düşüncələri necə idi?

Rəsmilər sözsüz ki, Azərbaycanı tanıyırlar. Bu problem əsasən əhali arasındadır. Bizim görüşdüyümüz fondlar da vaxtilə Azərbaycanda fəaliyyət göstəriblər. Lakin 2014-cü ildə qanunvericilikdə dəyişiklik edildikdən sonra beynəlxalq təşkilatların və fondların fəaliyyətinə müəyyən məhdudiyyətlər gətirildi. Bundan sonra, həmin fondlar ölkəni tərk etdilər və bəziləri Gürcüstanda yerləşdi. Bu mənada rəsmilər üçün Azərbaycan yad ölkə deyil. Lakin Trampın siyasətinə uyğun olaraq ABŞ-da hazırda diqqət daha çox ölkənin daxili siyasətinə yönəldilib. Ancaq Amerikada sistem elə qurulub ki, ölkə bir nəfərin qərarları ilə idarə edilmir. Burada senatorların da mövqeyi önəmli rol oynayır. Biz də bu baxımdan daha çox senatorla görüşməyə çalışırdıq ki, Azərbaycan onlar üçün münasibət quracaqları prioritet ölkələrdən olsun. Azərbaycanın bu regionda qarşısında gördüyü ölkə əsasən Rusiya və İrandır, çünki coğrafi baxımdan bu iki ölkə ilə yaxındır. Hər iki dövlətin ölkəmizə təsirləri də var.

– ABŞ fondlarının hazırki şəraitdə Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlıq imkanları da müzakirə olundumu?

ABŞ senatorları ilə bu mövzuda da müzakirələr apardıq və ortaq yollar axtardıq ki, beynəlxalq fondlar, təşkilatlar bir bölgə olaraq Azərbaycanı tərk etməsinlər. Fondlarla müzakirəmizin əsas mövzusu isə o idi ki, yeni qanunvericilik çərçivəsində hansı fəaliyyəti həyata keçirmək mümkündürsə onu edək. Söhbət təkcə hansısa qrantların alınmasından və ölkəyə gətirilməsindən getmir, yanlış anlaşılmasın. Bu beynəlxalq maliyyədir, xarici fondların əvəzsiz verdiyi qrantdır. Burada edilən hər şey Azərbaycan üçündür.

Beynəlxalq iqtisadi layihələrdə də hər bir dövlət üzərinə öhdəlik götürərkən, insan hüquqları, vətəndaş cəmiyyətinin vəziyyətinin düzəlməsini də öhdəsinə götürür. Bu mənada qanunvericiliklə bağlı hansı dəyişiklik edə bilərik, nə edə bilərik, hansı yollar deyə müzakirə apardıq. Azərbaycanda bu qanun qəbul olunduqdan sonra bütün fondlar Qafqazın digər ölkələrinə , Ermənistana və Gürcüstana getdi. Bu da vətəndaş cəmiyyəti üçün böyük bir maliyyə itkisidir. Bu qanunun məqsədi mənbəyi bəlli olmayan maliyyə axınının qarşısını almaq idi. Lakin etiraf etməliyik ki, həmin insanlar yenə də maliyyələşirlər və buna nəzarət mexanizmi də yoxdur. Bu məsələlər müzakirə olundu.

– Optimal bir yol tapıldımı? Müzakirələrin nəticəsi necə oldu?

Optimal yol odur ki, burada hər iki tərəf müəyyən qədər güzəştə getməlidir. Beynəlxalq təşkilatların da öz qaydaları və əsasnamələri olur. Orada haraya qədər icazə verilirsə, biz o çərçivədə fəaliyyət göstərə bilərik. Elə fondlar var ki, onlar yenə də Azərbaycanda fəaliyyət göstərirlər, lakin qrant müqaviləsi ilə deyil, xidməti müqavilə ilə. Çünki qrant müqaviləsi ilə işləmək mümkün deyil. Lakin bu yol vətəndaş cəmiyyətinin inkişafın aparmır. Xidməti müqavilə ilə həyata keçirdiyimiz layihələr bizim təşkilatın tarixçəsinə yazılmır və böyük layihələri icra etmə potensialımızı sonra sübut edə bimirik. Gələcəkdə biz Avropa Birliyi kimi böyük təşkilatlara müraciət etdikdə iri maliyyə vəsaitlərini idarə etməkdə təcrübəsiz olduğumuz əsas gətirilə bilər. Halbuki biz bu layihələri həyata keçirmişik.

“Bizim marağımız o idi ki, Amerika Azərbaycanı bölgədə öz tərəfdaşı kimi görsün”

– Günel xanım, siz bu səfərdə Nebraska ştatının fəxri vətəndaşı adına layiq görülmüsünüz. Bu münasibətlə sizi təbrik edirik. Bu ad sizə Amerikada hansı hüquqlar tanıyır?

Mənim üçün Azərbaycan vətəndaşı olmaq olduqca qürurvericidir. Dəfələrlə imkanım olsa da, heç zaman ölkəmdən getmək, xaricdə yaşamaq haqda düşünməmişəm. “Fəxri vətəndaş” adının verilməsi Nebraskanın meri tərəfindən bizə edilən çox gözəl bir jest idi. Bu ad bizə vətəndaşlıq hüququ vermir, ancaq müəyyən üstünlüklər tanıyır. Yəni, nə zamansa vətəndaşlıq almaq istəsən, bu sənə müəyyən üstünlüklər verir. Ancaq mənim belə bir fikrim yoxdur. Bu sadəcə orada Azərbaycana münasibətin necə gözəl olduğunu göstərdi. Biz orada Azərbaycan gecəsi də keçirdik və ölkəmizi çox gözəl təmsil etdik.

– Bu müzakirələrdə, tanıtım prosesində Dağlıq Qarabağ mövzusu da gündəmə gəldimi?

Bəli, tanıtımda Qarabağdan da bəhs etdik və bildirdik ki, Azərbaycanın bu qədər ərazisi işğal olunub. Tarixi də yada saldıq ki, o zaman ölkəmiz yeni müstəqillik əldə etmişdi. Həmçinin Rusiyanın dəstəyi olmasaydı, Ermənistan bunu edə bilməzdi. Biz bu münaqişəyə təkcə ərazi baxımından yox, həm də insan hüquqları baxımından yanaşdıq. Yəni, orada yaşayan soydaşlarımızın mülkiyyət hüququ, yaşamaq hüququ pozulub. Xocalı adlı şəhərin əhalisi isə tamamən soyqırıma məruz qalıb. Ancaq çox təəssüf ki, bu cür hadisələr dünyada adiləşib. Suriyada, İraqda, Əfqanıstanda baş verənlər belə beynəlxalq reaksiya doğurmur, insanlar buna adi hal kimi baxır. Biz bu hadisələri daha çox beynəlxalq hüquq aspektindən izah etdik.

– Amerika ilə bağlı təəssüratlarınız necə oldu?

Mən Avropanın demək olar ki, əksər ölkələrində olmuşam. Ancaq mənim üçün Bakının ən adi, küləkli, tozlu küçəsi belə xaricdəki ən gözəl şəhərdən daha doğma və əzizdir. Sadəcə istərdim ki, Amerikadakı kimi insan hüquqlarına hörmət bizdə də bir mədəniyyət olaraq formalaşsın, bunu nədənsə qorxduğumuz üçün etməyək. Biz millətimizin də o cür sosial rifahda yaşamasını arzu edirəm. ABŞ-da var olan hər şey insana xidmət prinsipi ilə qurulub. Uşaqlar üçün, küçədə yaşayanlar üçün, imkansızlar üçün hər cür dövlət proqramları həyata keçirilir, bütün ehtiyacları ödənilir. İcma fondları qurulur, insanlar oraya maliyyə ayırır , daha sonra həmin vəsaitlə icmanın problemləri həll olunur. Orada yaşlı insanlar könüllülük işi ilə məşğuldurlar. Elə bir mexanizm qurulub ki, gələn gəlir də ünvanlı gedir. Sistem düzgün qurulmalıdır, vətəndaşlıq hissi güclü olmalıdır. Mən bu sistemin Azərbaycanda qurulmasını çox arzu edirəm.

– Günel xanım, bir qadın marağı ilə ticarət mərkəzlərinə, dükan-bazara baş çəkməmiş olmazsınız. Qiymətlər necədir?

Bunun üçün çox az zamanım oldu. Ancaq belə qənaətə gəldim ki, çox ucuzluqdur. Amerika vətəndaşlarının maaş və pensiyalarının, minimum əmək haqqının qat-qat yüksək olduğunu da nəzərə alsaq, qiymətlər elə də yüksək deyil. Brend mağazalarla yanaşı, hər təbəqədən olan insanın ən vacib ehtiyaclarını ödəməsi üçün çox ucuz mağazalar da var. Hətta hər şeyin, geyimlərin belə 1 dollara satıldığı çox böyük mağazalar var. Bu məhsullar çox keyfiyyətli olmasa da, insanların vacib ehtiyacları qarşılanır. Bundan başqa, çox ciddi endirim kampaniyaları həyata keçirilir. Bayramlarda, kampaniyalar zamanı 400 dollarlıq bir əşyanı 40 dollara almaq mümkündür. /Yeni Müsavat/

COP29

www.yenicag.az

2492
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv