Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin bu gün səs verəcəyi qətnaməni “qeyri-adi, biabırçı və iyrənc” adlandırıb.
Yenicag.az xəbər verir ki, “Qruziya Online” məlumat yayıb.
Papuaşvili deyib ki, belə bir qətnamənin seçkilərə az qalmış qəbul edilməsi “seçicilərin iradəsinin formalaşmasına təsir etmək cəhdidir”.
“Avropa Parlamenti dünən və bu gün müzakirə edib, Ukraynada müharibə başlayandan bəri Gürcüstanla bağlı dördüncü qətnaməni qəbul edəcək.
Gürcü xalqı artıq bununla barışıb ki, Avropa Parlamentinin son qətnamələri şəxsi hücumlar və yalan xəbərləri kökləmək cəhdləri ilə səciyyələnir”, o qeyd edib.
Onun sözlərinə görə, qətnamənin Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan hissəsi həddən artıq, Mixail Saakaşvili ilə bağlı hissəsi isə utancvericidir. Eyni zamanda, Papuaşvili xarici oyunçuları “xarici təsirlərdən azad seçkilər keçirmək üçün suveren hüquqa hörmət etməyə” çağırır.
“Qətnamədə iyrənc olan, Gürcüstandan Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqi tələbinin irəli sürülməsidir ki, bu qətnamə Avropa İttifaqının (Aİ) Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi tələbini açıq şəkildə ifadə edən ilk rəsmi ictimai sənəddir”, Papuaşvili bildirib.
“Həqiqətən ümid edirəm ki, Avropa Parlamenti gürcü xalqının oktyabrın 26-da edəcəyi seçimə hörmətlə yanaşacaq, həmçinin müxalifəti və Aİ tərəfindən maliyyələşdirilən təşkilatları gürcü xalqının seçimini demokratiya hökmü kimi qəbul etməyə çağıracaq”, – deyə o əlavə edib.
Avropa Parlamenti yerli vaxtla günorta saatlarında Gürcüstanda “demokratik dönüş və siyasi plüralizmə təhlükə” ilə bağlı qətnaməyə səs verməlidir.
Aİ liderləri daha əvvəl bəyan etmişdilər ki, “xarici agentlər” haqqında qanunun qəbulu faktiki olaraq Gürcüstanın Avropaya inteqrasiya prosesini dayandırır.
Bundan başqa, Avropa İttifaqı Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib və Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski birbaşa bəyan edib ki, “Gürcü Arzusu” partiyasının hakimiyyəti dövründə bu ölkə heç vaxt Avropa İttifaqına üzv olmayacaq.
Nəsimi Ələsgərli
www.yenicag.az