Gürcüstan Rusiyaya şərt qoydu
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze iyunun 20-də Rusiya ilə diplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb.
Pancikidze Rusiyanın üç şərti yerinə yetirməli olduğunu bildirib: “Rusiya işğala son qoymalı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qərarını ləğv etməli və 12 avqust 2008-ci il tarixli atəşkəs sazişini yerinə yetirməlidir”.
İyunun 19-da Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanla diplomatik münasibətlərin bərpa olunması ehtimalına belə münasibət bildirmişdi: “2008-c ilin avqustunda diplomatik münasibətlərin kəsilməsi haqda qərarı Rusiya verməyib ki, onların bərpasını da düşünsün. Amma elə etmək lazımdır ki, Gürcüstanla Rusiya arasında həmişə mövcud olmuş mehriban ənənələr bərpa olunsun”.
2008-ci ildə Rusiya Gürcüstan torpaqlarını – Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb. Abxaziya Gürcüstanın tərkibində muxtar respublika və Cənubi Osetiya isə muxtar vilayət olub. Həmin vaxtdan Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsib.