“Təəssüflər olsun ki, bölgədəki 2 dövlət – Gürcüstan və Ermənistan öz miqyasına və gücünə görə fərqli yanaşmalar sərgiləyirlər. Lakin bu ölkələr qlobal güclərin təsiri altında olmaqla müstəqil qərarlar qəbul etməyə və inkişaf yollarını seçməyə imkan tapmırlar. Bu, onların xalqlarına və ölkələrinə dair qərarları təhrif edir. Hazırda Gürcüstan və Ermənistanda cərəyan edən hadisələri qlobal güclərin mübarizəsi və bu hadisələrin regional təsirləri baxımından analiz etmək lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Siyasi təhlilçi Gürcüstanda baş verən etiraz aksiyalarının regional təsirlərini şərh edib.
“Gürcüstanda daxili mübarizə ölkənin gələcəyini müəyyən etmək uğrunda gedən mübarizədir. Bu mübarizə, xüsusilə Avropa İttifaqının son dövrlərdə yürütdüyü siyasətlə əlaqələndirilir. Gürcüstanın ən böyük müasir islahatlarını, məsələn, Saakaşvili dövründə həyata keçirilən genişmiqyaslı islahatları yadda saxlamaq lazımdır. Bu islahatlar, rüşvətin və qanunsuzluğun aradan qaldırılmasına yönəlmişdi və bu, ölkə iqtisadiyyatı və idarəetməsi üçün mühüm dəyişikliklər gətirdi. Lakin zamanla xarici siyasətdə Avropaya doğru yönələn qərarlar təzyiqlərin artmasına səbəb oldu”.
Analitik əlavə edib ki, Avropa İttifaqı və digər Qərb ölkələri Gürcüstanın xarici siyasətindəki kəskin dəyişiklikləri öz maraqları baxımından tənzimləməyə çalışdılar:
“Bu da təbii ki, ölkənin müstəqilliyini, iqtisadi və sosial rifahını təhlükə altına aldı. Lakin Gürcüstanın daxili siyasətində sabitlik qorunmağa çalışılır. Bu baxımdan, Gürcüstanın rəhbərliyi də xalqının və dövlətinin maraqlarını qorumağa çalışır və müstəqil yol seçmək istəyir. Gürcüstan hökuməti bir neçə dəfə bəyan edib ki, Avropa İttifaqına inteqrasiya seçimində alternativ yoxdur. Lakin Qərb, bəzən, ölkənin siyasi seçimini öz istəklərinə uyğunlaşdırmağa çalışır. Bu halda, xalqın iradəsi və siyasi qüvvələrin seçimi nəzərə alınmalıdır. Gürcüstanda və digər postsovet ölkələrində belə hallarla qarşılaşırıq və buna qarşı indi mübarizə aparılır”.
“Bütün bunlar isə Avropanın və Qərbin xoşuna gəlmir, amma Gürcüstan rəhbərliyi öz xalqının maraqlarına xidmət edən siyasət yürüdür və bu da ölkənin sabitliyini təmin etməyə yönəlib. Əgər Gürcüstan hakimiyyəti bu mübarizədə müqavimət göstərərsə, bu, xalqın xeyrinə olacaq. Düşünmürəm ki, əvvəlki inqilabi ssenarilər bu dəfə tətbiq edilsin. Hazırkı hakimiyyətin sabitliyini bərpa etməsi, müxalifətin isə Gürcüstan qanunlarına uyğun fəaliyyət göstərməsi ehtimalı daha güclüdür. Müxalifət mitinq və nümayişlərini qanuni çərçivədə həyata keçirə bilər, lakin həddi aşan təxribatlar qarşısında dövlət tərəfindən qarşıdurmaların qarşısı alınacaqdır”, – deyə o fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az