“Gürcüstandan Azərbaycana avtomobil idxalında dəyişiklik…”
Gürcüstanda avtomobillərin texniki baxışına başlanılır. Bildirilir ki, 2015-ci ilin martın 1-dən başlayaraq, Gürcüstanda qeydiyyatdan keçən bütün kateqoriyalı nəqliyyat vasitələri mərhələ ilə məcburi texniki baxışdan keçməlidir. Texniki baxış avtomobil sahiblərinə 50 lariyə başa gələcək.
Qeyd edək ki, bu qərar Gürcüstanın Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərlə bağlıdır.
Yenicag-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov qərarı belə şərh etdi: “Texniki baxışın bərpa edilməsi Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayına təsir göstərməyəcək. Əksinə texniki baxışın bərpa edilməsi bir mənalı şəkildə onunla bağlıdır ki, Gürcüstanda dövriyyədə istifadəyə yararsız olan, ətraf mühitə zəhərli qazlar buraxan kifayət qədər köhnə avtomobillər var. Bu qərar Gürcüstan daxilində avtomobil bazarında müəyyən qadağaların və baryerlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Aydındır ki, Azərbaycan hökuməti AVRO4 standartlarından aşağı olan avtomobillərin idxalına qadağa qoyub. Əgər Azərbaycanda belə qadağa olmasaydı, Gürcüstanda texniki baxışdan keçə bilməyən avtomobillər ölkəmizə gətirilə bilərdi. Azərbaycanda belə bir qadağanın olduğu mövcudluğu şəraitində və Gürcüstanda yeni sistemin tətbiqi və texniki baxışın bərpa edilməsi sözügedən ölkədən Azərbaycana gətirilən avtomobillərin sayına təsir etməyəcək.
Onu qeyd edim ki, bu qərar Gürcüstanda avtomobillərin bahalaşmasına gətirib çıxarmayacaq. Düzdür, köhnə avtomobillərin istifadəsi ilə bağlı müəyyən çətinliklər olacaq. Buna rəğmən, texniki baxışın bərpasından sonra Gürcüstandan Azərbaycana avtomobil idxalında hər hansı bir dəyişiklik gözlənilmir”.
Kamran