“Atletiko” UEFA Superkuboku uğrunda oyunda “Real”ı 4:2 hesabı ilə məğlub edib.
Yenicag.az xəbər verir ki, tarixində üçüncü dəfə Superkuboka sahib çıxan Madrid klubunun bu uğuru uzun illər “Atletiko” ilə əməkdaşlıq etmiş “Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədovun da diqqətindən kənarda qalmayıb.
Madridliləri qələbə münasibəti ilə təbrik edən Hafiz Məmmədov qısaca bunları deyib: “Atletiko” ilə bu gün də çox gözəl münasibətlərimiz var. “Land of fire Azerbaijan” brendi Madrid klubunun sayəsində kifayət qədər tanındı, ölkəmizin reklamı baxımından özünü tam doğrultdu. “Atletiko”nun bugünkü uğurları bizi çox sevindirir. Komanda UEFA Superkubokunu qazanmaqla növbəti titulunu qazandı. Özü də “Atletiko” həlledici görüşdə son 3 ildə Çempionlar Liqasını qazanan “Real”dan üstün oldu. Bu, böyük uğurdu. Qələbə münasibəti ilə klubun rəhbərliyini, eləcə də bütün dünyadakı azarkeşlərini təbrik edirəm”.
Xatırladaq ki, Madrid klubu bir neçə il əvvəl Hafiz Məmmədovun təşəbbüsü ilə “Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində meydana üzərində “Land of fire Azerbaijan” yazılmış forma ilə çıxırdı. Komanda ölkəmizlə əməkdaşlıq etdiyi ilk ildəcə “Barselona” və “Real”ın hegemonluğuna son qoyaraq La Liqada çempion oldu, eləcə də Çempionlar Liqasında finala yüksəldi.
“Bakı” ilə “Atletiko” arasında əməkdaşlıq müqaviləsi başa çatsa da, tərəflər arasında münasibət bu gün də davam edir. Təsadüfi deyil ki, ötən il “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün paytaxtımıza səfəri zaman Madrid klubunun prezidenti Enrike Serezo ilə Hafiz Məmmədov arasında görüş keçirilmişdi. Həmin görüş zamanı Serezo “Hafiz Məmmədov mənim dostumdu. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko” çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz bəylə yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq” fikirlərini səsləndirmişdi.
www.yenicag.az