Hakimin məhkəməsi təxirə salındı
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Vəkil İradə Cavadova açıqlamasında bildirib ki, Elman Məmmədovun vəkili Adəm Məmmədov prosesdə iştirak etmədiyi üçün və təqsirləndirilən tərəfin müdafiəsinə yeni vəkil təyin ediləcəyi üçün məhkəmə oktyabrın 27-nə keçirilib.
Xatırladaq ki, sabiq hakim Həsən Əliyev iş adamı Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur.