“Hansı aspektdən baxsaq, Azərbaycana mənfi təsiri olacaq” – İran VURULARSA...

media-hightechnic-468x90

 

“İranın vurulması region üçün yaxşı heç nə vəd etmir”.

Bu sözləri İrana ehtimal olunan ABŞ və İsrailin hücumu və bunun Azərbaycana təsirini Yenicag.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, İranın vurulması Azərbaycan üçün ağır nəticələr verə bilər:

“Əvvəla, İrana hücumun baş verəcəyini düşünmürəm. Ancaq bu baş verərsə, Azərbaycana və regiona çox ağır nəticələr verə bilər. Sırf Azərbaycanı götürsək, təhlükəsizlik baxımından təhdidlər yarana bilər. İranın havadan zərbələrlə vurulacağını nəzərə alsaq, istisna olunmur ki, hansısa raketlərin, hücum vasitələrinin səhvən Azərbaycan ərazisinə düşsün.

Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Xəzər dənizinin də təhlükəsizlik məsələsi gündəmə gələcək. İnsan axını baxımından da problem qaçılmazıdır. İranda 35 milyondan çox azərbaycanlının yaşadığı deyilir. Belə olduğu halda, onların bir hissəsinin Azərbaycana axın etməsi gözlənilir. Onların psixoloji durumu Azərbaycana təsir edə bilər”.

Polkovnikin fikrincə, digər tərəfdən, onların Azərbaycanda yerləşməsi məsələsi var:

“Azərbaycan ərazisi o qədər böyük deyil. Onlara şəraitin yaradılması çox çətin olar. 11 milyonluq Azərbaycan üçün bu çox böyük yük olar. Qaçqın axını zamanı sanitar problemlər yaranır. Sanitar baxımından da Azərbaycana müəyyən təsirləri ola bilər. İqtisadi cəhətdən baxsaq, Azərbaycanın İranla iqtisadi əlaqələri var. Bunun pozulma ehtimalı həddindən artıq çoxdur. Digər tərəfdən, Azərbaycandan İrana gedən logistik yollar var. Bu yolların fəaliyyəti də pozula bilər. Bu da Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Ş. Ramaldanovun fikrincə, siyasi aspektdən Azərbaycan hər iki tərəfdən müəyyən təzyiqə məruz qalacaq%

“İrana qarşı və İrana dəstək olan böyük dövlətlər var. O dövlətlərdən Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək üçün müraciətlər ola bilər. Buna Azərbaycan rədd cavabı verməklə müəyyən soymalar yaşana bilər. Dini aspektdən də baxmaq olar. İranda radikal dini qruplar var. O radikalların Azərbaycanda qaçqın kimi yerləşməsi bəzi problemlərə yol aça bilər. Ərzaq aspektindən baxsaq, bilirik ki, gələn əhali təmin olunmalıdır. Bilirik ki, Azərbaycanın ərzaq imkanları o qədər də yoxdur. Azərbaycan ərzağın çoxunu xaricdən gətirən ölkədir. Belə olduğu halda ərzaq təminatında da problemlər ola bilər. Azərbaycan buna hazır deyil”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, nə qədər qaçqının gələcəyini proqnoz etmək mümkün deyil, ona görə də bu barədə əvvəlcədən nə isə demək olmaz:

“Çünki əvvəlcədən hansısa ehtiyatları yaratmaq çox çətindir. Tibbi təminata baxsaq, Azərbaycanın tibbi təminatı da öz əhalisinə hesablanıb. Əgər böyük kütlə gəlsə, onlara tibbi yardım da lazım olacaq. Belə olduğu halda Azərbaycanın səhiyyə sistemi də davam gətirə bilməz. Hansı aspektdən baxsaq, Azərbaycana mənfi təsiri olacaq. Ona görə də bu gün Azərbaycanın aktiv şəkildə vasitəçilik rolu oynamağı başa düşüləndir. Azərbaycan tərəfləri masa arxasına yönəltmək istəyir və bu da anlaşılandır. Nüvə obyektlərinin bombalanması olacaqsa, bu Azərbaycana təsir etməyəcək. Çünki İranın nüvə obyektləri Azərbaycandan uzaqdadır və yerin altındadır. Ona görə də radioaktiv maddələrin Azərbaycana təsiri olmayacaq. İranın vurulması region üçün yaxşı heç nə vəd etmir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600