Yenicag.az Bakının işğaldan azad edilməsinin birinci ildönümündə Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin 15 sentyabr 1919-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş “Haqq yerini tutan gün” adlı məqaləsini təqdim edir. Qeyd edək ki, dövrü mətbuatda bu məqalədən iqtibaslar gətirilsə də, məqalə ilk dəfə tam şəkildə yayımlanır:
Azərbaycan türkü mayısın 28-də istiqlalını elan eləmiş, sentyabrın 15-də qasiblər əlində inildəyən paytaxtını xilasetmişdir. Mayısın 28-i Azərbaycan Cümhuriyyət tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır. Sentyabrın 15-i vaqe olmasa yəqin ki, mayısın 28-nin ibtidası bir səneyi-dövriyyəsini görmədən intəhayə varar, gedərdi. Bakının Azərbaycan üçün sadə bir paytaxt deyil, adətən əfsanələrdə söylənən bir “Can Şüşəsi” olduğunu nəzərə alsaq, həqiqi istiqlal gününün sentyabrın 15-i olduğunu qəbul etməliyiz. Mayısın 28-də böyük bir haqq elan olunmuş, sentyabrın 15-də isə bu haqq yerini tutmuş idi.
O müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı — TÜRKİYƏ. Ümidlər həp oraya dikilmişdi: «O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaq». Xalqın bundan başqa bir ümidi qalmamışdı». «O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı. Hər millət müstəqil olaraq yaşaya bilər – deyə dünyaya qarşı nümayişlər yapan bolşeviklər Bakını əldən vermək istəməmişlərdi. “Bakı sovet Rusiyasına gərəkdir” – deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliklərini türk bədbəxtliyi üzərində quran qüvvətlərlə ittifaq bağlamış, mart hadisəsi ilə başlıyaraq Bakıda axıtdıqları qan seylabələrilə Azərbaycan atəşi-müqəddəsini söndürmək istəmişlərdi.
Fəqət Azərbaycan türkü tam bir məyusluq və ümidsizlik dərəcəsinə gəlmiş ikən üzünü böyük qardaşı Osmanlı türkünə çevirib istimdad istəmiş, qardaş səsinin “ləbbeyk” sədasını eşitmişdir.
Bir tərəfdə bolşevik, daşnaksütun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvəti, digər tərəfdə isə Türkiyə-Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmişdi.
Birinci tərəf Bakını Azərbaycandan ayırmaq surətilə siyasi bir qital icra etmək istiyor, digər tərəf isə son qətrə qanını axıtmaqla olsa da haqqı yerinə oturtmaq istiyordu.
Bugünkü böyük bir gündə, Qurban bayramının ərəfəsində iki qardaş türkün türklük məfkurəsi məbudinə qarşı verdikləri qurbanlar qəbul olunaraq qanlara boyanmış, Bakı küçələri düşməndən təmizlənmiş, haqq yerini tutmuş idi.
Haqq yerini tutduğu bu gündə biz şühədayi-istiqlal və istixlasımızın böyük ruhu hüzurunda şükran borcumuzu əda etməliyiz.
Bu gün yeni Cümhuriyyətimizin sütununu, ordumuzun paytaxtımız küçələrindəki yürüşünü görüb kökslərimizi qabartırkən şühəda qəbri üzərinə gedib də fatihə verməyi unutmamalıyız. Onlar, o böyük vücudlar, tam vəqtində bir məlikeyi-nicat kibi yetişərək özləri öldülər, fəqət bizi ölümdən qurtardılar. Onlar,
bu ölümü istehqar edən böyük adamlar bizə yaşamaq üçün ölmənin nə məsud, nə şanlı, nə şərəfli bir xislət olduğunu öyrətdilər. Onlar, o fədakar insanlar Azərbaycan Cümhuriyyətinin payidar olmasına, məmləkətimizin cəlladceyşindən qurtulmasına səbəb oldular! Bu qara topraqlar altında yatan Anadolunun Məhmədciyi Azərbaycanın hansı bir qarış toprağıdır ki, orayı kəndi fədakar qanı ilə yuyamamışdır. Bilxassə Bakı ətrafının hər hansı bir dərəsini, hər hansı bir təpəsini gəzsəniz, bir şəhid məzarına rast gələrsiniz. Bu şəhid Çanaqqalanı köksü ilə müdafiə edən qəhrəman türkün igid qardaşıdır. İstanbulu müdafiə eləmiş, indi də yeni bir türk hökumətinin paytaxtını – Bakını düşməndən xilas etmək üçün buraya qədər gəlmiş və şəhid olmuşdur.
Bu gün bu şühədanın məzarı üstündə bir abideyi-şükranın binası vəz olunacaq. Fəqət bilməm ki, bu ayda keçən il sentyabrın 15-də dul qadınların, yetim çocuqların, sevincli gəlinlərin bu xilaskar qardaşlara qarşı bəslədikləri hissiyyatı tamamilə təsvir və sabit edə biləcəkmi?
Haşa, azərbaycanlının sineyi-şükranında həkk olunan qardaşlıq xatirəsini nə bir usta həkk edər, nə də bir daş və yaxud tunc ona təhəmmül edər. Bu gün bütün Azərbaycan-Qafqas İslam Ordusunun Nuru Paşa, Mürsəl Paşa komandalarındakı Osmanlı zabitan və əfradının xatirati-həzinilə həm şad, həm də məhzundur. Şaddır, çünki onların həmiyyəti, onların müavinətilə bugünkü bayramı dərk eləmişdir. Məhzundur, çünki kəndisinə böylə bir səadəti qazandıran qəhrəmanların kəndi vətənləri, ana yurdları təhlükələr içində və bizim hürriyyətimizə səbəb olan o böyük vücudlar hal-hazırda hürriyyətdən məhrum bir haldadırlar. Həqiqi istiqlalımızın guşə daşı qoyulduğu bu gündə, kəndi cəsədləri ilə binayi-istiqlalımızı təhkim edən qəhrəman millətdaşlarımızı salamlarkən onları yetişdirən o böyük Türk Vətəninin xilas və nicatı üçün səmimi dualarımızı bargahi-əhədiyyətə tovcih etməyi də unutamayız. Yalnız kəndisini deyil, düşmənlər əlində qalıb həqqi paymal edilməkdə olan qardaşını dəxi müdafiə edə bilən bir millət müşkülat içində qala bilər, fəqət əmin olunuz ki, məhv ediləməz.
Əvət, həqq yerini tutduğu böylə müəlla bir gündə türklüyün təmini-istiqbal və istiqlalı üçün ölən şühədanın böyük ruhu hüzurunda:
Əlimizə bir vədiə olaraq tapşırılan bayrağımızı qardaşlarımızın fədakarlığına imtisal edərək şərəf və namusla mühafizə edəcəyimizi əhd edəlim!
Biləlim ki, bu vasitə ilə biz həm türklüyü qüvvətləndiriyor, həm müsəlmanlığa, həm də insanlığa xidmət ediyoruz.
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 15 eylül (sentyabr) 1919, №274
www.yenicag.az