Həbsinə bir neçə saat qalmış öldü
Alman faşistlərinin yaratdığı ən dəhşətli cəza düşərgələrindən olan Osvensim və Buhenvald konslagerlərinin keçmiş nəzarətçisi İohann Brayer 89 yaşında ABŞ-da ölüb.
İ.Brayer ABŞ məhkəməsinin onun Almaniyaya ekstradisiyası barədə qərar çıxarmasına bir neçə saat qalmış Filadelfiyadakı klinikaların birində vəfat edib.
İ.Brayer bu il iyunun 19-da saxlanılmış və ona 216 mindən çox yəhudinin qətlində əlinin olması ilə bağlı ittiham elan olunmuşdu. Arxiv materiallarına görə, bu, təkcə 1944-cü ilin mayından oktyabrınadək Osvensimdə öldürülən yəhudilərin sayıdır. Keçmiş konslager nəzarətçisi iyulun 19-da səhhətinin pisləşməsi üzündən xəstəxanaya yerləşdirilmişdi. İyulun 22-də isə məhkəmə İ.Brayeri 100 min dollar girov müqabilində zaminə buraxmışdı.
İ.Brayer Çexoslovakiyada doğulmuş və hələ 17 yaşında ikən “Baffen SS” təşkilatına daxil olmuşdu. O, 1952-ci ildə ABŞ-a mühacirət etmişdi. Keçmiş nasisti hələ 90-cı illərdə deportasiya etməyə çalışmışdılar. Lakin onda vəkili onu müdafiə edə bilmişdi.
Sonradan isə İ.Brayerə qarşı növbəti ifşaedici materiallar tapıldı. Məlum oldu ki, keçmiş esesçi Osvensimdə özünün dediyindən də əvvəlki dövrdə işləyibmiş. İ.Brayer həmçinin sırf əsirlərin məhv edilməsi üzrə “ixtisaslaşan” Birkenau düşərgəsində nəzarətçi kimi çalışıbmış.
Osvensim (polyak dilində Auşvits) konslageri faşist Almaniyası tərəfindən işğal olunmuş Polşanın ərazisində yerləşirdi. Orada 1,4 milyon insan qətlə yetirilib. Onların 1,1 milyonu yəhudilər olub.