Hələb düyünü: Terror təşkilatını Suriyaya qarşı hansı dövlət dəstəkləyir?
Suriya Müdafiə Nazirliyi YPG/SDG terror təşkilatı Hələb şəhərini tərk etməsi üçün gecə saat 03:00-dan 09:00-dək atəşkəs rejiminin tətbiq ediləcəyini açıqlayıb.
Yenicag.az-ın məlumatına görə, Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilib ki, Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində yerləşən silahlı qruplar göstərilən vaxt intervalında bölgəni tam şəkildə tərk etməlidir. Açıqlamaya görə, çıxış zamanı silahlı şəxslərə yalnız yüngül fərdi silah daşımağa icazə veriləcək, onların təhlükəsiz keçidi isə Suriya ordusu tərəfindən təmin olunacaq. Terrorçuların ölkənin şimal-şərq bölgələrinə çıxışına imkan yaradılacağı qeyd edilib.
Bildirilib ki, bu addım Hələbin sözügedən məhəllələrində hərbi vəziyyətin sona çatdırılması, dövlət qurumlarının normal fəaliyyətinin bərpası və evlərini tərk etmiş mülki əhalinin geri dönüşünü asanlaşdırmaq məqsədi daşıyır. YPG/SDG-nin çıxış prosesinin daxili təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçiriləcəyi vurğulanıb.
Xatırladaq ki, YPG/SDG terror təşkilatı yanvarın 6-dan etibarən işğal etdiyi ərazilərdən Hələbdə bir sıra nöqtələrə hücumlar həyata keçirib. Şam rəhbərliyi dəfələrlə təşkilatı razılaşmalara əməl etməyə və Hələbdəki hücumları dayandırmağa çağırsa da, hücumlar davam edib.
Bunun ardınca Suriya ordusu YPG/SDG-nin nəzarətində olan Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində hərbi əməliyyatlara başlayıb. Qarşıdurmalar zamanı terrorçuların mülki yaşayış məntəqələrini də hədəf aldığı bildirilib.
Rəsmi məlumatlara görə, yanvarın 6-dan bu günədək YPG/SDG-nin hücumları nəticəsində 9 nəfər həlak olub, əksəriyyəti mülki şəxs olmaqla 55 nəfər yaralanıb. Hələb Şəhər Mərkəzi Komitəsi təhlükəsiz ərazilərə təxliyə olunanların sayının 142 min nəfərə çatdığını açıqlayıb. Suriya ordusunun isə Əşrəfiyyə məhəlləsinə böyük ölçüdə nəzarəti təmin etdiyi bildirilir.
Məsələ ilə bağlı suriyalı siyasi şərhçi Abdulhadi Amiri Yenicag.az-a bildirib ki, YPG/SDG-nin atəşkəs və bölgəni tərk etməklə bağlı razılaşmaya əməl etməməsi təsadüfi deyil və bu prosesin arxasında regional güclərin maraqları dayanır.
Şərhçinin sözlərinə görə, terror təşkilatı faktiki olaraq İsrail-in siyasi və təhlükəsizlik maraqlarına uyğun hərəkət edir.
“YPG/SDG razılaşmanı pozmaqla vəziyyəti gərgin saxlamağa çalışır. Çünki onların arxasında İsrail faktoru var və bu qüvvələr Suriyada daimi qeyri-sabitlikdə maraqlıdır”, – deyə Amiri vurğulayıb.
Abdulhadi Amiri eyni zamanda qeyd edib ki, ABŞ bu məsələdə fərqli mövqe sərgiləyir. Onun fikrincə, Vaşinqton YPG/SDG-nin tamamilə müstəqil silahlı struktur kimi qalmasında deyil, müəyyən şərtlər daxilində Suriyanın siyasi və inzibati tərkibinə inteqrasiya olunmasında maraqlıdır:
“ABŞ bu qrupun Suriyanın tərkibinə keçməsini, mərkəzi hakimiyyətlə müəyyən razılaşmalar əsasında hərəkət etməsini istəyirdi. Lakin YPG/SDG daxilindəki radikal qanadlar və xarici təsirlər bu xəttə mane olur”, – deyə suriyalı şərhçi bildirib.
Amirinin fikrincə, məhz bu ziddiyyətli maraqlar fonunda Hələb ətrafında gərginlik davam edir və YPG/SDG-nin razılaşmaları pozması bölgədə yeni təhlükəsizlik riskləri yaradır.
Amir Aqiloğlu












