“Hər hansı əməkdaşlıqdan söhbət gedə biməz”
“Müsavat Partiyası ilə aramızda fikir ayrılığı var. Ona görə də bizim Müsavat Partiyası ilə əməkdaşlığımız mümkün deyil”.
Bunu açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.
O bildirib ki, AXCP ilə Müsavat Partiyası arasında sonuncu fikir ayrılığı Milli Şurada təmsilçilik zamanı olub: “Onlarla bu hakimiyyətə, ümumiyyətlə, Milli Şuraya qarşı baxışlarda fərqlilik yarandı. Son nəticədə isə Milli Şuradan ayrıldılar. Ona görə də digər məsələlərdə Müsavatla hər hansı əməkdaşlıqdan söhbət gedə biməz”.
Buna baxmayaraq, H. Kərimov ümummilli və Dağlıq Qarabağ problemlərinin müzakirəsində AXCP-nin bütün siyasi qüvəllərlə, partiyalarla əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib.
Qeyd edək ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında deyib ki, AXCP ilə əməkdaşlıq məsələləri istisna deyil: “Funksional əməkdaşlıq baxımından bizim heç bir demokratik qurumla problemlərimiz olmayıb”.