45 yaşın astanasında olan həmkarımız Nadir Azəri deyir ki, hər bir jurnalist sərhəddə keşik çəkən əsgər kimi məsuliyyətli olmalıdır.
Elə insanlar var ki, onlar özlərindən asılı olmayan səbəblərə görə doğum günlərini istədikləri kimi, təmtəraqla qeyd edə bilmirlər. Bir neçə gündən sonra 45 yaşı tamam olacaq həmkarımız, “Yeni Azərbaycan”qəzetinin şöbə redaktoru Nadir Azəri də belələrindəndir. Məsələ burasındadır ki, həmkarımız 26 fevral 1973-cü ildə anadan olub. Və özünün də qeyd etdiyi kimi, artıq 26 ildir ki, ad gününü ürəklə qeyd edə bilmir. Çünki 1992-ci ilin məhz bu tarixində ermənilər tərəfindən Xocalıda soyqırımı törədilib. 45 yaşın astanasında onunla söhbətimizə də elə bu tarixlə bağlı keçirtdiyi hisslərlə başladı:
– Düz 26 ildir ki, ad günümü ürəyim istədiyi şəkildə qeyd edə bilmirəm. Nə qədər qəribə olsa da, hər il bu tarix yaxınlaşanda içimə dəhşətli qorxu hissi dolur.
– Nə hiss, bəlkə danışasan?
– 1992-ci il fevralın 25-i idi. Evdə ad günümə hazırlıq görülürdü. Gecə qəfildən halım pisləşdi, xəstələndim. Sonradan öyrəndim ki, həmin vaxt erməni faşistləri dinc əhalini – Xocalı sakinlərini vəhşicəsinə qətlə yetirirlərmiş. Və beləcə, düz 26 ildir ki, bu hisslər məndən əl çəkmir. Daha doğrusu, 1992-ci ilin həmin günü kimi hər il fevralın 26-da səhhətimdə problem yaranır. Yəqin ki, bu dəfə də eyni hal təkrarlanacaq…
“Uşaqlıq illərimin həsrətini çox çəkirəm”
– Anladığım qədər, 1992-ci ilə kimi ad günləri uşaqlıq illərinin xoş xatirələri kimi yadında qalıb. Ümumiyyətlə, uşaqlığın içindən necə boylanır?
– Şirin, əvəzolunmaz xatirələrlə, qayğısız, xoşbəxt günlərlə zəngin bir uşaqlıq boylanır içimdən. Düzünü desəm, həmin illərin həsrətini çox çəkirəm…
– Bəs həmin illərlə bağlı ən çox xatırladığın nələrdir?
– Mənim atam fəhlə olub. Bizi – qardaşım Süleymanı və məni- min bir zəhmətlə böyüdüb, qonşu uşaqlarından geri qalmamağımız üçün çalışıb. Bizə deyirdi ki, “oxuyun, böyük adam olun ki, mənim kimi əziyyət çəkməyəsiniz”. Onu da deyim ki, atam bütün günü ağır işdə çalışmasına baxmayaraq, gecələr bizə kitab oxumağı da unutmazdı. Əlinə imkan düşən kimi də bizə yeni kitablar alardı. Mən də orta məktəbdə oxuyanda atamın bizə verdiyi günlük xərcliyi – 20 qəpikləri yığıb, ya kitab alardım, ya da qəzet. O qəzetlərdə dərc olunan yazıları oxuya-oxuya həm də Azərbaycanda və dünyada cərəyan edən siyasi proseslərdən də xəbərdar olurdum. Səhv etmirəmsə, 1990-cı ilin axırı, 1991-ci ilin əvvəli idi. “Azərbaycan gəncləri” qəzetində respublika məktəbliləri arasında siyasi biliklər olimpiadasına start verildiyinə dair məlumat çıxdı. İlk üç tur qəzetdə suallar verildi və mən də cavabı yazıb göndərdim. Bir gün məktub aldım. Məktubda Bakıda keçiriləcək final turuna çıxdığım qeyd edilirdi. Bakıda keçirilən respublika finalında da fərqlənənlər arasında idim. Yevlaxa qayıdan kimi o zamankı “Təşəbbüs” (indiki “Kür”) qəzetində mənim haqqımda məqalə verildi.
– Və beləliklə də humanitar sahəyə meyilləndin və sonra da jurnalistika ixtisasını seçdin?
– Yox, mən ixtisasca jurnalist deyiləm, politoloqam. Amma hələ orta məktəbdə oxuyandan doğulub, boya-başa çatdığım Yevlaxda rayon qəzetində yazılarım çıxmağa başladı. Buna görə də hazırda da “Kür” qəzetinə rəhbərlik edən Əminə xanıma minnətdaram. Orta məktəbi qurtarandan sonra isə qəzetdə “Gənclik düşüncələri” adlı rubrika da açmışdım. Yəni bu gün jurnalist kimi yetişməyimdə ilk müəllimim Əminə xanım olub. 1991-ci ildə orta məktəbi qurtardım, amma birinci il kəsildim. 1992-ci ildə test üsulu ilə imtahan verib, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) qiyabi daxil oldum.
– Qiyabi öz seçimin idi, yoxsa…
– Öz seçimim idi. Evə əlavə çətinliklər yaratmaq istəmirdim. Bilirdim ki, atamın fəhlə maaşı ilə əyani oxumağım çətin ola bilər. Beləliklə, ali məktəbə daxil olan kimi Yevlax Tütün Fermentləmə Zavoduna işə düzəldim. İşləyib, maaşımı toplayıb semestrə gəlirdim. Lakin 3-cü kursda oxuyanda zavod məcburiyyət üzündən müvəqqəti olaraq fəaliyyətini dayandırdı. Bu dəfə də bazarda kartof-soğan satmağa başladım. Səhər saat 5-in yarısı dayım oğlu Rizvanla durub bazara gedir, kəndlilərdən bir az məhsul alır və bazarın çölündə satırdım. Həmin vaxt bitirdiyim Yevlax şəhər 7 saylı məktəbin direktoru Raquf müəllim köməyə gəldi. Bir gün kartof alırdı, məni görüb, “Bakıdan razılıq al, gəl məktəbimizdə dərs de. Sən tərəzi arxasında oturacaq oğul deyilsən” dedi. Üçüncü kursda oxuduğum üçün müəllim işləməyimə Təhsil Nazirliyi səviyyəsində icazə verilməli idi. Beləliklə, semestr müddətində həmin vaxt təhsil naziri olan rəhmətlik Lidiya Rəsulovanın qəbuluna düşə bildim və məktəbdə dərs demək üçün müvafiq razılıq aldım. Bir müddət müəllim işləyəndən sonra isə Bakıya gəldim.
“Nadir Azəri imzasını tanıda bildim…”
– Çoxdan tanıdığım həmkarım kimi bilirəm ki, Bakıda ilk illər çox çətinlik çəkmisən…
– Bu barədə qəzetlərdən birinə müsahibəmdə də demişəm. Təsəvvür edin ki, 6 ay Bakıda bir qəpik almadım! Ancaq anama yalandan deyirdim ki, işləyirəm, maaş alıram. Yataqxanada qalmağa belə yerim yox idi. Sağ olsunlar, Əhməd və adaşım Nadir vardı. Razı oldular ki, gecələr onların otağında qıraqdan yer salıb yatım. Beləliklə, gecəmi gündüzümə qatdım. Təmənnasız olaraq, eyni gündə 5-6 qəzetə yazı yazdım.
– Qonorarsız?
– Bəli, qonorarsız. Amma sonda nəticə oldu. Allah çəkilən hər bir zəhmətin bəhrəsini verir. Və mən də zəhmətə qatıldım. Altıcırıq ayaqqabı ilə qarda, çovğunda şəhərin bu başından o başına redaksiyalar gəzdim. Bəzən yazılarıma baxmadan “yaramır” deyənlər də oldu. Amma Bakıya fəhlə Nəbinin oğlu Nadir kimi gəlsəm də, “Nadir Azəri” imzasını tanıda bildim. Burada haşiyə çıxım ki, ümumiyyətlə, bəzən jurnalistikada gənclərə qarşı bir paxıllıq hiss edilirdi. Bunu zamanında o cür paxıllıqlarla üzləşmiş biri kimi deyirəm. Bəzən redaksiyamızda o dövrün xatirələrini danışanda gənc həmkarlarımız təəccüblənirlər. Əslində, təəccüblənməkdə haqlıdırlar. Çünki onlar tamamilə başqa münasibət görüblər. Qəzetimizin baş redaktoru Hikmət müəllim xüsusilə gənclərə qarşı çox qayğıkeşdir. Onlara geniş meydan verir, inkişaf üçün hər cür şərait yaradır. Məhz onun qayğısı, diqqəti sayəsində neçə-neçə gənc redaksiyamızda jurnalist kimi yetişib.
Onu da deyim ki, qarşıdan “Yeni Azərbaycan” qəzetinin 25 illik yubileyi gəlir. Aprelin 10-da qəzetimizin 25 yaşı tamam olacaq. Mən fürsətdən istifadə edib, başda baş redaktorumuz, millət vəkili Hikmət Babaoğlu olmaqla kollektivimizi öncədən təbrik edirəm.
– Bəs ilk qonorar aldığın günü necə xatırlayırsan?
– “Bu gün” qəzetində işləyirdim. Özü də o dövr üçün böyük məbləğ idi. “Bu gün” qəzetinin baş redaktoru Nəsib İsmayılov məni çağırdı və dedi ki, əgər bu cür davam etsən həm daha çox pul alarsan, həm də qəzetdə yüksək vəzifə tuta bilərsən. Mən çalışdım, o da sağ olsun sözünə əməl etdi. Qısa zaman ərzində bu qəzetdə baş redaktorun birinci müavini vəzifəsinə qədər yüksəldim.
– Necə fikirləşirsən, hər bir jurnalistdən ilk növbədə nə tələb olunur?
– Hesab edirəm ki, hər bir jurnalist sərhəddə keşik çəkən əsgər kimi məsuliyyətli olmalıdır.
“2013-cü ildə həyatımda möcüzə baş verdi”
– Möcüzələrə inanırsan?
– Bəli, çünki möcüzəni mən həyatımda yaşamışam.
– Necə?
– Mən ümumilikdə, 18 il kirayənişin kimi yataqxanada qalmışam. Onun 5 ilini tək və sonra da qardaşımla. 13 ilini isə ailəli. Uşaqlarım orada iməklədi, orada dil açdı, orada məktəbə getdilər. Bəzən qızım Şəmsiyyə gəlirdi ki, ata, sinif yoldaşım evlərində ad günü edir. Bəs bizim evimiz nə zaman olacaq? Susurdum, sadəcə, içimdə ağlayırdım. Bəzən qohum-əqrəba deyirdi ki, nə düşünürsən, bu evsizlik nə vaxta kimi davam edəcək? Bax o zaman deyirdim ki, möcüzə baş verəcək. Elə bil Allah dedirdirdi bunu mənə. Və 2013-cü ildə həyatımda o möcüzə baş verdi. Hörmətli Prezidentimiz, jurnalistlərin dostu İlham Əliyev cənabları sayəsində baş verdi o möcüzə. Bizim evsizlik problemimiz həll olundu. Həmin il Prezidentin sərəncamı ilə “Əməkdar jurnalist” adı aldım, sonra da ev. Cənab Prezidentin diqqət və qayğısı həm də “heç bir zəhmət nəticəsiz qalmır, tökülən tər sonda öz dəyərini tapır” həqiqətini bir daha təsdiqlədi. Evsizliklə bağlı bir əhvalat danışım. Səhv etmirəmsə, 2010-cu il idi. Bir gün dostlardan biri dedi ki, yanına iki gənc gələcək, jurnalist kimi özlərini sınamaq istəyirlər, onlarla söhbət et. Söhbət əsnasında o gənclərdən biri soruşdu ki, eviniz, avtomobiliniz var? Dedim, yox. O zaman ayağa qalxaraq “Məni sizin yanınıza niyə göndəriblər? Ev yox, avtomobil yox, nə örnək alacam sizdən?” – dedi. Dedim, amma zəhmət var, halal zəhmət.
– Yeri gəlmişkən, avtomobil yenə yoxdur?
– Yoxdur. Amma sağ olsun qonşularım. Hər səhər biri ilə gedirəm işə (gülür). Ümumiyyətlə, jurnalistlər binasının özəlliyi budur – sosiallaşmaq, bir ailə kimi mehriban olmaq. Buna görə də cənab Prezidentə minnətdarıq. Çünki jurnalistlərin bir binada məskunlaşması özlüyündə həm də bir sosial layihədir. Jurnalist ailələri, övladları bir-birini daha yaxından tanıyırlar. Bütövlükdə jurnalist ailəsi – BÖYÜK BİR AİLƏ formalaşıb. Kədərli günlərdə də, sevincli günlərdə də bir-birinin yanında olan, bir-birinə dəstək verən böyük bir ailə.
“Hərdən arzularımın yarımçıq qalacağından qorxuram”
– Bəzi insanlar var ki, içindəki kədəri gizlətmək üçün çox vaxt gülümsəyir. Sən də həmışə nikbin gərünürsən. Bu nikbinliyin arxasında bir kədər gizlənməyib ki?
– Tanıyanlar da bilirlər ki, nikbin insanam. Həyatın ən ağır sınaqlarında belə kədəri, qəmi yaxın buraxmamışam. Hesab edirəm ki, həyatda çətinliklərə nikbinliklə qalib gələ bilərik. Bir də insan gərək Tanrını unutmasın. Yəni bunu deyirəm ki, həyatda nikbin olduğumu biləsiniz. Amma son vaxtlar nəsə nikbinlik yoxa çıxır. Bilmirəm niyə, hərdən arzularımın yarımçıq qalacağından qorxuram…
– Ölüm qorxusu?
– Düzü ölməkdən yox, üzərimə düşən vəzifələrin hamısını yerinə yetirə bilməyə macal tapmayacağımdan qorxuram. Axı ata kimi üzərimdə böyük vəzifələr var. Ən çox qorxduğum övladlarımın, ailəmin “axı işləri niyə yarımçıq qoydun? Niyə sənə ən çox ehtiyacımız olan vaxt qaçdın, getdin?” kimi suallarına cavab verə bilməyəcəyimdir…
– Belə xoş gündə istəmirəm belə kədərli notlara köklənək. Bəlkə şəxsı suallara keçək.
– Kecək…
– Sənin anlamında xoşbəxtlik nədir?
– Mənim üçün ən böyük xoşbəxtlik dünyaya bir türk kimi gəlməyimdir. Son olaylar, Afrində baş verənlər də bir daha sübut etdi ki, dünyanın hər zaman türkün ədalətinə ehtiyacı var.
– Maraqlıdır, ailədə necə birisən, sərt, qəddar, yoxsa mülayim?
– Yeri gələndə sərt, yeri gələndə mülayim…
– Ailədə son sözü kim deyir?
– Çalışırıq ki, konsensus əldə edək (gülür).
– İnsan ən səmimi etirafını özünə edir. Bu gün səndən məhz elə bir səmimi etiraf istəyirəm…
– Paxılam. Amma müsbət mənada paxıl. Orta məktəbdə oxuyanda cəmi bir il sinif nümayəndəsi olmamışam. Bu günə kimi onu özümə bağışlaya bilmirəm (gülür). Övladlarıma da deyirəm ki, siz də belə olun. Yəni “niyə filankəs irəli getdi” deyə yox, “axı mənim də o uğuru qazanmağa imkanım var. Niyə tənbəllik etməliyəm ki” deyə addımlayın hər zaman.
– Balıq bürcündənsən və bildiyim qədər, bu bürc altında doğulanlar pulu çox sevirlər…
– Zəhmət hesabına qazanılan pulu. Balıqların həm də intuisiyası güclü olur. Bəzən bundan çox əziyyət çəkirəm. Mənfi auraya malik insanlarla bir araya gələndə özümü çox narahat hiss edirəm. Eyni zamanda, yaxın dostlarımın çətinliyə düşdüyünü də hiss edirəm.
– Bəs səncə, dostları Nadiri hansı xüsusiyyətlərinə görə çox istəyirlər?
– Bunu dostlardan soruşsanız, daha doğru olar.
Cəvahir
Foto: Cəmalə