28 May – Müstəqillik Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinin yaranmasının 32-ci ildönümü münasibətilə “Açıq qapı” günü keçirilib.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət nümayiş etdirilib.
Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələri, media mənsubları, şəhid ailələri və hərbi qulluqçuların yaxınlarının iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə nazirinin və nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması qeyd edilərək, ordumuzun daim ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.
İştirakçılara hərbi hissənin yaranması və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissənin bir çox hərbi qulluqçusu müxtəlif orden və medallar ilə təltif olunub.
Sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Rəsmi hissə başa çatdıqdan sonra hərbi hissənin komandanlığının iştirakı ilə hərbçilər və qonaqlar üçün bayram süfrəsi təşkil edilib.
www.yenicag.az