Rusiyanın Altay diyarının paytaxtı Barnaulda tələbə hərbi komissarlığı yandırmağa cəhd edərkən həbs edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX-in məlumatına görə, orta ixtisas təhsili müəssisəsinin 18 yaşlı tələbəsi Ukrayna ilə müharibəyə qarşı çıxaraq hərbçilərin cəbhəyə göndərilməsinin qarşısını almaq istəyib. O, yandırıcı qarışıqdan hazırlanmış əldəqayırma qurğu vasitəsilə hərbi komissarlığı yandırmağı planlaşdırıb.
“Tələbə niyyətini həyata keçirə bilməyib, çünki hərbi komissarlığın yaxınlığında həbs edilib”, – deyə FTX bildirib.
Həbs anının əməliyyat görüntüləri yerli “Telegram” kanallarında yayımlanıb. Tələbəyə qarşı terror aktına cəhd ittihamı ilə cinayət işi açılıb. Bildirilir ki, saxlanılan şəxs “ukraynalı terror təşkilatının” göstərişi ilə hərəkət edib.
www.yenicag.az