Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
www.yenicag.az