Qarabağın veteran döyüşçüləri ön cəbhədə düşmən qarşısında – FOTOREPORTAJ – Yenicag.Az

Reklam

Reklam

25 il sonra cəbhə bölgəsində…

“Silahdaş” veteran kəşfiyyatçılar təşkilatının təşəbbüsü və Beyləqan batalyonu komandiri Akif Həsənov və Aslan Quliyevin təşkilatçılığı ilə qazilərin görüşü təşkil edilib.

704 saylı hərbi hissənin Qarabağ müharibəsində döyüşmüş zabit, gizir və əsgərləri ilə birlikdə cəbhə bölgəsinə yollanırıq. İlk dayanacağımız Xocavənd rayonudur. Orada qonaqları keçmiş döyüş yoldaşları və rayon icra hakmiyyətinin başçısı Eyvaz Hüseynov qarşılayır. 25 ildir bir-birini görməyən döyüş yoldaşları görüşür.

Həmişə mənim üçün keçmiş döyüşçülərin uzun illər sonra görüşü maraqlı olub. Uzun illər sonra insanlar dəyişir. Onlar isə bir-birini bu cür tanıyır: “yadına gəlir, tankla hansısa istiqamətə gedəndə bizə kömək etmişdiniz”, “filan döyüşdə, siz gəlməsəniz, məhv olardıq”, “yaralanmışdın, səni çıxardıq”…

Haramı düzü ilə ön postlara gedirik. Mənim üçün Haramı düzü taxıl zəmisi, göz işləyən təpəlikdir. Onlar üçün isə hər qarışında qan, ölüm, itim, sevinc və kədər var. İrəlilədikcə xatirələr canlanır, demək olar hər təpədə, hər dərədə bir döyüş tarixi yatırdı…

Beləcə N saylı hərbi hissəyə çatırıq. Orada komandanlıqla görüşdən sonra yollanırıq ön postlara, o postlar ki, onları indi bu döyüşçülər qurub və saxlaya biliblər.

Düşmənlə üz-üzə dayanan əsgərlərlə görüşürük. Ön postda olan əsgərlərin hamısının üzündə sevinc görürük. Ümumiyyətlə, bu əsgərlər demək olar ki, qonaqlardan çox zaman məhrum olur. Ön postda gedirik deyən bəzi QHT-lər, müğənnilər, sənətçilər, millət vəkilləri əslində oraya yox, geridəki əsgərlərlə görüşdüyü heç kimə sirr deyil. Ön postdakı əsgərlərin üzünü isə, demək olar, keçmiş döyüşçülər güldürür. Əsgərlərin məişət şəraiti ilə tanış oluruq. Diqqətimi çəkən isə düşmənlə üz-üzə əsgərlərimiz üçün yeni yeməkxananın tikilməsi olur. 2 il öncə həmin postlarda olan zaman yeni yeməkxananın tikiləcəyi deyilirdi, ancaq indi hazır vəziyyətdədir. Buranı gəzirik, əl-üz yuyan yerindən suyun gəlməsinə isə keçmiş döyüşçülər təəccüblə baxırlar. Bir neçəsi deyir ki, bir ovuc su üçün burada ilan dili çıxartdığımız vaxtlar olub.

Postlara çıxıb düşmən mövqelərini müşahidə edirik. Zabitlərdən biri informasiya verməyə cəhd etdikdə, tabor komandiri deyir: “Bunlara yox, postları qoyanlara yeni heç nə deyə bilməyəcəksən”, hər kəsi gülmək tutur.

Keçmiş döyüşçülər öndəki Şişqayanı görüb, vaxtında oranı saxlaya bilsəydik indi daha geniş ərazilərə nəzarət edə bilərdik deyə çox təəssüf etdilər.

Postlardan aşağı enirik. Ön postda Xocavənd icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bizi qarşılayır. Veteranlarla görüşən icra başçısı bildirir ki, bu yerlər həm də sizindir:

“704 saylı hərbi hissənin bu torpaqlar uğrunda əməyi danılmazdır. Uzun müddət sonra buraya gəldiyiniz üçün çox şadam. Siz başqa rayonlarda doğulsanız da, məncə hamınız Qarabağlısınız. Çünki həyatınızın ən gözəl çağları burada döyüşlərdə keçib. Buna görə də, sizə sonsuz təşəkkür düşür”.

Əsgərlərlə görüşdən sonra yenidən hərbi hissəyə yollanırıq. Hərbi hissənin şəxsi heyəti ilə söhbətdən sonra yeməkxanada əsgərlərlə birlikdə yemək yeyilir və verilən yeməkləri çox bəyənilir.

Cəbhə bölgəsinə yollanan keçmiş döyüşçülərə isə sürpriz olaraq “Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun tərbiyəsində fəal iştirak etdiyinə görə” fəxri fərmanlar verilir.

Əsgərlərlə sağollaşdıqdan sonra yollanırıq Xocavəndə. Xocavənddə isə bizi maraqlı söhbətlər gözləyir. Adətən keçmiş döyüşçülər bir yerdə olanda çox ciddi mübahisələr edirlər, bu dəfə isə tam fərqli olur.

Tankla taran

Beyləqan batalyon komandiri olmuş Akif Həsənov danışır:

“Ağburun istiqamətində qanlı döyüşlər gedirdi. Ermənilər hücum etmişdi. Ermənilərin bir tankı vardı, bizə göz verib, işıq vermirdi. Bizim tankımız isə atmadığı üçün geri çəkildi. 704 saylı hərbi hissə komandiri Mikayıl Hacıyev tanka əmr verdi ki, nə yolla olur-olsun erməni tankını dayandır. Bizim tank geriyə döndü, tam sürətlə erməni tankının üstünə şığadı və toqquşma oldu, nəticədə iki tank da partladı, hər iki tankın ekipajının tikəsi ələ gəlmədi. Tanklar toqquşanda zərbədən içəridəki mərmilər partlamış, özləri də param-parça olmuşdu”.

Gəmilərin taranı müharibə tarixində çoxlu sayda olub, ancaq tankla taran dünya müharibəsi tarixində çox az rast gəlinən hallardandır.

Maraqlı bir məsələnin üstü isə görüş zamanı açıldı. Ağburun döyüşü zamanı Beyləqan batalyonu komandiri UAZ-la gələn zaman tankla qarşılaşır, ancaq tankın kimə məxsus olduğunu bilmir, ona elə gəlib ki, erməni tankıdır və ondan xilas ola bilib. 704 saylı hərbi hissənin kəşfiyyatıçısı Xəlil Dadaşov isə UAZ-ın ermənilərə aid olduğunu düşünüb və onu vurmadığı üçün heyfslənirmiş.

Görüş zamanı məlum olur ki, UAZ-dakı Akif Həsənov olub və ön cəbhədən minaatanların yanına tələsirmiş ki, onlara məlumat versin və düşmən bölmələrini atəşə tutsun. Xəlil Dadaşov deyir ki, gördüm öndən UAZ gəlir, mən də tankın üstündə avtomatı qaldırdım istədim maşını gülləyə tutam, tank sağa tərəf çəkildi, UAZ dönüb getdi. Öndən gəldiyi üçün elə bilirdim erməni UAZ-dır. Çox peşman olmuşdum vurmadığıma görə. Akif Həsənov deyir, o zaman güllələsəydin, indi üz-üzə otura bilməzdik. Hər kəsi gülmək tutur.

Keçmiş döyüşçülər Xocavənd rayonu Eyvaz Hüseynova təşəkkür edirlər, bildirirlər ki, hər zaman olduğu kimi yenə əsgərlərin yanındadır.

Görüşün sonunda qərara alınır ki, bu cür səfərlər tez-tez təkrar olunsun.

Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2838
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."