Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ilin İş Planına və “Hesablama Palatası haqqında” Qanunun 21.13-cü maddəsinin tələblərinə əməl edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-ci il və 2022-ci ilin 6 ayı ərzində maliyyə-təsərrüfat fəaliyyətinin uyğunluq auditi aparılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb. Mərkəzi Bank tərəfindən büdcə “Azərbaycan Respublikasının Mərkəzi Bankında büdcə planlaşdırılması və icrasına nəzarətin prosedur Qaydaları”nın tələbləri nəzərə alınmaqla və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanıb. Bu da, öz növbəsində, maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır. Mərkəzi Bankın ayrı-ayrı illər və obyektlər üzrə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməyib və ya müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda investisiya xərclərinə yol verilib. Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılıb və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən “İstismara icazə Aktı” tərtib və təsdiq edilməyib. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılıb.
Mühasibat uçotu üzrə uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinə görə qalıq məbləği göstəriciləri ilə 31.12.2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatlarının və
“Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ın göstəriciləri arasında uyğunsuzluqlar olub, 276,4 min manat dəyərində olan əsas vəsaitlər “Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, “Mebel və avadanlıqlar” sinfində uçota alınıb, “Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103358,0 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmayıb. Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmayıb. Elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə isə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləğinin hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.
Mərkəzi Bank korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən edib, onlara nail olunması üçün funksional alət və prosedurları tətbiq etməklə bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edib.
www.yenicag.az