Bu gün “İçərişəhər” metro stansiyası yaxınlığında naməlum şəxs Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş təhlükəsizlik işçisi Müşviq Mədətovu bıçaqlayıb.
Hadisə Muşviq Mədətov çayxanadan çıxarkən baş verib. O, hadisə ilə bağlı Bakı Şəhər Polis İdarəsinin 9-cu şöbəsinə müraciət edib (haqqın.az).
Yenicag.az qeyd edir ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.
1967-ci ildə anadan olan Mədətov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəza çəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.
Maraqlıdır ki, zorlama ittihamında Mədətovun adı “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovla birlikdə çəkilib. Sabiq bölmə rəisinin adı siyasi məhbus siyahılarında yer alıb. O, 2011-ci ildə Azərbaycan prezidentinin əfv fərmanına əsasən azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra isə “Hafka” ləqəbi ilə tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun da yanında çalışıb.
www.yenicag.az