“Heyvanların şiddətə məruz qalması, onlara qarşı rəhmsiz davranışla bağlı cərimələrin artırılması və inzibati qaydada həbs olunma nəzərdə tutula bilər, amma bu heç bir halda düşünürəm ki, cinayət məsuliyyətinə səbəb olmamalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər heyvanlara qarşı şiddət hallarının çoxalması və bu əməlin yaratdığı məsuliyyət haqda danışan hüquqşünas Ramil Süleymanov deyib.
Onun sözlərinə görə, istənilən halda, heyvanlar da canlıdır.
“Onların hər hansı şiddətə məruz qalması qanunla qadağan olunub. Belə ki, Azərbaycan Respublikasının ərazisində heyvanlara qarşı hər hansı bir şiddət yaxud rəhmsiz rəftar cinayət məsuliyyətinə səbəb olmur, bu, inzibati xəta hesab olunur. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, heyvanlara rəhmsiz davranmaq, onları şikəst və ya tələf etmək 500 manatadək cərimə tətbiq olunur”, – deyə o əlavə edib.
Hüquqşünas qeyd edib ki, sözügedən məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh bir məsuliyyət tədbiridir və bunu törədən şəxsi əməl olunması ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən yeni inzibati törədilməsinin qarşısını almaqdır:
“İndiki halda heyvanların şiddətə məruz qalması, onlara qarşı rəhmsiz davranışla bağlı cərimələrin artırılması və inzibati qaydada həbs olunma nəzərdə tutula bilər, amma bu heç bir halda düşünürəm ki, cinayət məsuliyyətinə səbəb olmamalıdır. Belə ki, qonşu ölkələrdən bizə ən yaxın olan Türkiyədə belə bu inzibati xəta sayılır. Düşünürəm ki, inzibati həbsin müddəti 10 gündən 1 aya kimi olması daha məqsədəuyğun olar. Ümumiyyətlə, bu tip əməllərin qarşısının daha çox maarifləndirmə, şiddəti pisləyən videoroliklərin ümulikdə bu sahədə kontektin yaradılmasının tərəfdarıyam. Bununla bağlı hökümətin özünün də strategiyası olmalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az