“Hidayətin qələbəsini dar çərçivədə fransız siyasətinə qarşı bir uğurumuz kimi göstərməyin tərəfdarı deyiləm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransada keçirilən Olimpiya oyunlarında cudoçu Hidayət Heydərovun qələbəsindən danışan Böyük Quruluş Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Hidayət Heydərovun qələbəsinə “Fransa üzərində qələbə qazandıq”, “Fransa xalqını əzdik”, “Fransız dövlətinə dərs verdik” fikri ilə yanaşmaq doğru deyil:
“Bu ifadələri idmanda işlətmək, ümumiyyətlə, yanlışdır. Bu həm də idmançımızın böyük qələbəsidir. Təbii ki, müəyyən dərəcədə Fransa siyasətində Azərbaycana qarşı düşmənçilik motivləri kifayət qədər qabarıq görünür. Lakin bizim həmin oyunlarda hədəfimiz fransızlara qalib gəlmək, yaxud da Fransaya dərs vermək demək deyil. Bu, ölkəmiz adına böyük bir qələbədir”.
Partiya sədri qeyd edib ki, Hidayət Azərbaycanın bir igid oğlu kimi bu cür uğur qazanıb və bu təqdirəlayiqdir.
“Hər kəsin onun qələbəsinə sevinməsi haqqı var. Lakin Hidayətin qələbəsini dar çərçivədə fransız siyasətinə qarşı bir uğurumuz kimi göstərməyin tərəfdarı deyiləm. Bu qələbə idman qələbəsidir və bunu siyasətə bulaşdırmaq düzgün deyil. Siyasətin işini diplomatlarımız görməlidir. Hər hansı bir qələbə də tutaq ki, bizim Çin, Rusiya yaxud da Almaniya üzərindəki qələbəmiz kimi qiymətləndirilməməlidir. Bu, sadəcə, fədakar bir Azərbaycan övladının zəhmətinin nəticəsi kimi baxılmalıdır. Azərbaycan bayrağını yüksəldən hər həs bizim fəxrimizdir”, – deyə o fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az