Reklam: High Technic
hightechnic

Hikmət Babaoğlu: “Bəzi marginal qruplar Azərbaycanda demokratik yox, xaotik cəmiyyət görmək istəyirlər”

Reklam: Sinerji Pro

“Azərbaycan olduqca mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Aprel ayının 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda seçkilərin demokratik əsaslarda baş tutması üçün bütün şərtlər təmin edilib: “Prezidentliyə namizədlər qeydə alınıb, onların təbliğat-təşviqat kampaniyasının bərabər əsaslarda baş tutması üçün MSK tərəfindən müəyyən edilmiş seçki təqvimi üzrə işlər uğurla davam etdirilir. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilər seçki prosesini izləmək üçün qeydiyyatdan keçib, namizədlər seçicilərlə ən müxtəlif səviyyələrdə görüşlər keçirir, media və digər qanuni vasitələrlə öz platformalarını xalqa çatdırırlar. Dolayısıyla, sözün əsl mənasında, namizədlər arasında tam demokratik bir yarış var və cəmiyyətdə olduqca fəal seçki ovqatı yaranıb. Bu isə seçkinin demokratik keçiriləcəyinin zəmanətlərindən biridir”.

Millət vəkili qeyd edib ki, görünür, bəzi marginal qruplar və bəzi xarici dairələr Azərbaycanda demokratik cəmiyyət yox, xaotik cəmiyyət görmək istəyirlər və bunu yaratmaq üçün əllərindən gələni edirlər:

“İstər seçki ərəfəsində Azərbaycandan kənarda olan informasiya mənbələrində milli informasiya məkanımıza söyüş və təhqirlərlə hücumların təşkil olunması, istərsə də artıq çoxdan cəmiyyətin xatırlamadığı “Milli Şura” adlı süni qurumun birdən-birə fəallaşması dediklərimizi sübut edir. Biz artıq xeyli vaxtdır ki, radikal-siyasi marginalların radikal dini qruplarla birləşərək, müxtəlif antimilli layihələr həyata keçirtdiklərini bilirik. Bu iki dağıdıcı tandemin yenidən fəallaşaraq, ölkəmizin siyasi gündəmini süni şəkildə gərginləşdirmək niyyəti də onların xaricdəki antiazərbaycançı mərkəzlərdən yeni sifariş aldıqlarından xəbər verir.

Məsələ ondadır ki, radikal dindarlar, yaxud əslində, dindar kimi görünən radikallarla özlərini “Milli Şura” kimi təqdim edənlər müxtəlif coğrafiyalardan, amma eyni mərkəzdən təlimat alırlar. Onların məqsədi ölkəmizdə imperializmin “idarə olunan xaos” nəzəriyyəsini həyata keçirtmək, siyasi proseslərin cazibə mərkəzini Qarabağ mövzusundan yayındırmaq, hakimiyyətə təzyiq etməklə, onu xarici hegemon güclər qarşısında zəiflətməklə daha çox güzəştlərə məcbur etməkdir. Ancaq yaxşı ki, Azərbaycanın bütün ictimai-siyasi institutları və bütövlükdə cəmiyyətimiz bunun fərqindədir və onların belə çirkin məqsədlərə nail olmalarına əsla izin verməyəcək”.

www.yenicag.az

1306