Hindistan-Pakistan gərginliyi PİK HƏDDƏ – “Vəziyyətin nəzarətdən çıxmaq ehtimalı çox yüksəkdir”
“İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamı dağıldığı üçün bütün regionlarda müharibə ehtimalı kəskin artıb. Hindistanla Pakistan arasında da müharibə ehtimalı həmişə olsa da, nəzarətdən çıxmasına imkan verilmirdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Siyasi təhlilçi Hindistan və Pakistan arasında başlayan və regional böhrana çevrilən gərginliyi şərh edib.
Analitik əlavə edib ki, hazırda vəziyyətin nəzarətdən çıxmaq ehtimalı çox yüksəkdir:
“Ərazi iddiaları, su resursları uğrunda rəqabət və bir-birinin daxili işlərinə müdaxilə etməsi gərginliyin hər an iri miqyaslı müharibəyə çevrilməsini tətikləyir. Sadəcə olaraq hər iki dövlətin nüvə silahına sahib olması irimiqyaslı müharibənin qarşısını alır. Hər iki tərəf anlayır ki, iri miqyaslı müharibə nüvə silahından istifadəyə səbəb ola bilər. Buna görə də nüvə silahı çəkindirici vasitə rolunu oynayır”.
Onun sözlərinə görə, Hindistan daha çox Pakistanın separatçı hərəkatlar nəticəsində parçalanmasına maraqlıdır və bu prosesi dəstəkləyir:
“Bəlucistanın Pakistandan ayrılmaq hərəkatının Hindistan tərəfindən maliyyələşdirilməsi haqqında iddialar var. Digər tərəfdən, son illər Hindistan ciddi iqtisadi uğurlar qazanır və müharibədə maraqlı deyil. Pakistan isə dərin iqtisadi böhran keçirir və ölkə daxilində separatizm yüksəlib. Belə bir şəraitdə irimiqyaslı müharibə Pakistanın da maraqlarına uyğun deyil. Ancaq tarixdən məlumdur ki, bir çox hallarda müharibə dövlətlərin hərbi münaqişədən yayınmaq istəyinə baxmayaraq, baş verib. Çünki dövlətlərin bir-birinə yönəlik siyasəti dalana dirəndikdə müharibə qaçınılmaz olur”.
Rafi Müslümov