“Hökumət çalışıb bu istiqamətdə işlər görməlidir”
Baş nazirin imzaladığı qərarla İqtisadiyyat və Sənaye Nazirliyi taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna nəzarət edəcək.
Bəs, görəsən əhalinin həyatı və sağlamlığı, eyni zamanda ətraf mühitin qorunması kimi məsələlərə nəzarətin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilməsi nə dərəcədə düzdür? Ümumiyyətlə iqtisadiyyatçılarımız bu qərarı necə şərh edirlər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənovun mövqeyi ilə sizi tanış edirik:
Nazirlər Kabinetinin bu səpkidə qərarları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə yönəlib. Son aylarda buna bənzər çoxlu qərarlar verilib. Qərar taxılçılıq sektorunda movcud boşluqların aradan qaldırılması məqsədi daşıyır. Və xüsusi ilə nəzərə alsaq ki, Azərbaycan ərzaq təhlükəsizliyi prinsipi baxımından taxılçılığa xüsusi diqqət verir, hökumətin bu qərarı gözlənilməz deyildi.
Lakin təcrübə onu göstərir ki, ölkədə istehsal edilən taxıl məhsulları həm məhsuldarlıq baxımından, həm də keyfiyyət baxımından yararsızdır. Başqa sözlə bu məhsulun istehsalı iqtisadi baxımdan sərfəli deyil. Digər tərəfdən isə sektora inzibati müdaxilə vəziyyəti daha da çətinləşdirir. Güman edirik ki, qərar bundan sonra taxılçılıq kimi strateji əhəmiyyətə malik təsərüfat subyektlərinin fəaliyyətinə kənar müdaxilələri zəiflədəcək.
O ki qaldı İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahəyə nəzarətinə əslində bundan əvvəl də Nazirlik bu fəaliyyəti İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Komisiyyası tərəfindən həyata keçirirdi. Hazırki halda isə nəzarət imkanlar daha da artırıldı.
Əslində problem nəzarətin hansısa qurum tərəfindən həyata keçirilməsində deyil. Onun necə həyata keçirilməsindədir. Qanunlar nə zaman öz təyinatına uyğun və qərəzsiz tətbiq edilmirsə problemlər də o zaman ortaya çıxar.
Hökumət çalışıb bu istiqamətdə işlər görməlidir. Xüsusilə də ölkə iqtisadiyatının neftdən asılılığının azaldılmasını qarşıya məqsəd qoyubsa. Bir sözlə istənilən qanunun necə işləməsi onun yazılmasından daha önəmlidir. Güman edirik ki, rəsmilər də bu həqiqəti və özəl sektorun əhəmiyyətini tam mənası ilə dərk edəcək”.