!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Holland sindromu”nda boğulan Azərbaycan: İqtisadiyyatın 97 faizi niyə Bakıda cəmləşib?  

!Reklam – Yazi

Ölkə iqtisadiyyatının demək olar ki, tamamilə paytaxt Bakıda cəmləşməsi regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına ayrılan 10 milyardlarla büdcə vəsaitinin havaya sovrulduğunu göstərir.

Yenicag.az xəbər verir ki, Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkə iqtisadiyyatının 97 faizinin Bakı və Abşeron yarımadasında cəmləşməsi faktının xüsusilə qabardılması mərkəzlə regionların iqtisadi inkişafı arasında yaranmış fərqin fəlakət həddinə çatdığını təsdiqləyir.

Büdcə müzakirələrində çıxış edən bəzi millət vəkilləri ölkə iqtisadiyyatının mütləq hissəsinin Bakı və paytaxtətrafı ərazilərdə yerləşməsini anormallıq kimi qiymətləndirərək, bu disbalansın aradan qaldırılması üçün təcili tədbirlər görülməsinin zəruriliyini önə çəkiblər.

Azərbaycana böyük neft pullarının axınından sonra ölkə regionlarının sosial-iqtisadi inkişafını mərhələlər üzrə – 2004-2008, 2009-2013 və 2014-18-ci illər – nəzərdə tutan bir neçə dövlət proqramı təsdiq və icra olunub. Məlumata görə, qeyd olunan dövlət proqramlarının icrasına sərf edilmiş büdcə vəsaitlərinin ümumi həcmi 50 milyard manat civarındadır.

Son 13 ildə sözügedən dövlət proqramlarına xərclənmiş vəsaitin məbləği həqiqətən, çox böyükdür. Əminliklə söyləmək mümkündür ki, bu qədər pulla regionlarda paytaxt Bakı ilə ciddi rəqabət apara biləcək dayanıqlı iqtisadi baza formalaşdırmaq olardı. Lakin Bakının ölkə iqtisadiyyatında 97 faiz paya malik olması faktı göstərilən müddətin və büdcə vəsaitlərinin yumşaq deyilsə, itirildiyini söyləməyə əsas verir.

O zaman təbii sual yaranır: haqqında danışılan dövlət proqramları necə icra olunub və ayrılmış 10 milyardlarla manat vəsait hara-nəyə xərclənib? Eyni zamanda, hökumət və dövlətin iqtisadi bloku bu illər ərzində nə işlə məğul olub ki, ölkə üzrə regionların iqtisadi potensialı cəmi 3 faizdir?

2018-ci il büdcə layihəsində nəzərdə tutulan 20,9 milyard manat xərcin 9,1 milyard manatı Neft Fondundan ediləcək transfer, təqribən 8 milyard manatı isə toplanacaq vergilər hesabına qarşılanması planlaşdırılır. Yerdə qalan təqribən 4 milyard manatlıq (bunun da 780 milyardı kəsirdədir) xərclərdə cərimə və dövlət rüsumlarının payını nəzərə alsaq, o zaman real iqtisadiyyatın büdcəyə töhfəsinin çox cüzi olduğunu görərik.

Büdcə müzakirəsinə dəvət olunan maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev və Mərkəzi Bankın sədri Elman Rüstəmov isə çıxışlarında yenə də “analoqsuz inkişaf”dan danışaraq, özlərini və rəhbərlik etdikləri qurumları az qala ölkə iqtisadiyyatının xilaskarları kimi təqdim etməyə çalışdılar.

Əslində isə iqtisadiyyatın 97 faizinin Bakıda mərkəzləşməsi faktı bu nazirlərin yarıtmaz fəaliyyətinin ən bariz təsdiqidir.

Pul neftdə, neft isə Bakıdadır…

Ölkə iqtisadiyyatının paytaxt Bakı və regionlar arasındakı pay nisbətində yaranmış bu kəskin fərqin səbəblərini Yenicag.az-a şərh edən iqtisadçı Rəşad Həsənovun fikrincə, belə acınacaqlı vəziyyətin yaranmasında obyektiv və subyektiv amillərin rolu danılmazdır.

Rəşad Həsənov

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan neft ölkəsidir və bu resursların da mütləq hissəsi Bakıda – Abşeron yarımadasında yerləşir. Eyni zamanda, bu resurslarla əlaqəli olan digər sahələr – neft emalı və neft-maşınqayırma sənayesinə daxil olan, iqtisadiyyatda əsas əlavə dəyərin yaradılmasında böyük payı olan iri müəssisələr də paytaxta yaxın ərazilərdə yerləşdirilib.

Buna paralel olaraq, dəniz gəmiçiliyi və dənizdə neft hasilatı kimi istiqamətlər, bu sahəyə aid olan iqtisadi strukturlar da yenə Bakıda cəmlənib. Hazırda Azərbaycan iqtisadiyyatının təqribən 30-35 faizini sənaye məhsulları təşkil edir.

Bunun 70-80 faizi isə yenə də Bakıda yerləşən neft sənayesinin payına düşür. Yəni ölkə iqtisadiyyatının 36 faizi neftdən ibarətdir və digər regionların kiçik payını nəzərə almasaq, bu sahədə də istehsal mütləq mənada Bakıda həyata keçirilir.

Qeyd olunanların fonunda son 15 ildə paytaxt iqtisadiyyatında əhəmiyyətli dərəcədə artım baş verib. Sosial infrastruktur layihələrin böyük hissəsinin (müxtəlif obyektlər, universitetlər, nisbətən keyfiyyətli xidmət təklif edən xəstəxanalar və s.) Bakıda həyata keçirilməsi, dövlət qurumlarının paytaxtda yerləşməsi, həmçinin, digər amillər Bakı ətrafında təmərküzləşməni şərtləndirərək, urbanizasiya prosesinin sürətlənməsinə səbəb oldu.

Bakının real əhalisi faktik 2,2 milyon nəfər olsa da, qeyri-rəsmi statistikaya əsasən, regionlardan paytaxta güclü axın nəticəsində hazırda şəhərdə milyondan çox insan məskunlaşıb. Çünki iqtisadiyyatda pulu yaradan əsas mənbə neftdir və o da Bakıdadır.

O baxımdan, neftin istehsal və emal edildiyi bölgəyə təsiri daha çoxdur. Həmçinin, digər strukturlar da vurğulanan bu qanunauyğunluqları fəal surətdə dəstəkləyirdi. Bu, haradasa “Holland sindromu”nun bir simptomu kimi də qiymətləndirilə bilər. Belə bir şəraitdə isə digər sahələr hökumətin maraq dairəsindən kənarda qalaraq, neft sektoru ilə rəqabət aparmaq imkanı qazanmadılar.

Rəqabət qabiliyyətinin olmaması isə həmin sektorların gəlirlilik səviyyəsini aşağı saldı. Bunun əvəzində isə neft sənayesində, həmçinin, ondan qaynaqlanan tikinti sektorunda əməkhaqlarının, gəlirlərin yüksəlməsi, əhalinin maaş göstəricilərində Bakının regionları xeyli üstələməsi paytaxta axını şərtləndirdi, nəticədə isə iqtisadiyyat bütövlükdə bu ərazilərdə cəmləşdi.

Bu proseslərin təsiri ilə 2000-ci illərin əvvəllərində Azərbaycan iqtisadiyyatında 15-16 faiz paya malik olan kənd təsərrüfatı növbəti dönəmdə öz payını 6 faizə qədər itirməli oldu. Eynilə digər sahələr də neft sektoru ilə müqayisədə iqtisadiyyatdakı paylarının bir hissəsini itirdilər”.

İqtisadçının sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində əsas diqqət infrastruktura yönəlsə də, liberal biznes mühitinin yaradılması və sahibkarlığın təşviqi istiqamətində zəruri tədbirlər görülməyib”.

Regionlarda infrastruktur var, iqtisadiyyatsa yox…

“Doğrudur, regionlara infrastrukturun inkişafı məqsədi ilə kifayət qədər böyük vəsaitlər sərf olunub. Ancaq xərclənən bu vəsaitlər yalnız regionlardakı infrastrukturun təkmilləşdirilməsinə xidmət edib və birbaşa iqtisadiyyata ciddi təsir göstərməyib. Bunun da başlıca səbəblərindən biri də budur ki, regionlarda liberal biznes mühiti formalaşdırılmadı. Başqa sözlə, yerli icra hakimiyyəti orqanları bu çərçivədə öz vəzifələrini, öhdəliklərini doğru-düzgün yerinə yetirə bilmədilər.

Regionların sosial-iqtisadi inkişafına yönəlik qəbul edilən dövlət proqramları sadəcə, infrastrukturun təkmilləşməsi – məktəblərin və xəstəxanaların təmir-tikintisi, yolların çəkilməsi ilə məhdudlaşmır, eyni zamanda, rəqabətli, liberal biznes mühitinin yaradılması, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, məşğulluğun artırılması, yoxsulluq səviyyəsinin azaldılması kimi məsələləri də özündə əhatə edirdi.

Ancaq bu sadalanan sahələrin hamısı diqqətdən kənarda qaldı, yalnız infrastruktur təyinatlı layihələrə üstünlük verildi. Burada da fərqli, subyektiv maraqlar özünü daha çox əks etdirirdi. O maraqlar fonunda da regionlar real inkişaf yolunu deyil, sadəcə, neft vəsaitlərindən xərclənən pulların bir qismindən yararlanmaq variantını seçdilər.

Yəni infrastruktur layihələri çərçivəsində müvəqqəti iş yerləri açılırdı və sair. Lakin fundamental inkişaf istiqamətində addımlar atılmadı. Bunun da nəticəsində ölkə iqtisadiyyatının 90 faizindən çoxu Bakıda cəmləşdi, ölkədə yaşayan real əhalininsə təqribən 50 faizi paytaxta üz tutaraq, orada məskunlaşdı. Həmçinin, ölkə üzrə əmanət və depozitlərin də haradasa 90 faizi yenə Bakı-Abşeron bölgəsinin payına düşür.

Bütövlükdə götürəndə, bu günə qədər həyata keçirilmiş dövlət proqramlarının infrastrukturdan kənar digər öhdəliklərinin yerinə yetirilmə səviyyəsi kifayət qədər aşağı qiymətləndirilə bilər. Burada bayaq da vurğulandığı kimi, yerli idarəetmə orqanlarının və icra strukturlarının nöqsanları böyükdür. Ancaq çox təəssüf ki, bu istiqamətdə hələ ki, heç bir qiymətləndirmə aparılmayıb.

Dövlət başçısı 2015-ci ildə keçirilmiş müşavirələrdən birindəki çıxışında qeyd etmişdi ki, növbəti dönəmdə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi fərqli meyarlarla həyata keçiriləcək.

Burada söhbət investisiya mühitinin formalaşdırılmasından, investisiyaların cəlb olunmasından, sahibkarlığın dəstəklənməsindən, məşğulluğun artırılmasından gedirdi. Ancaq təəssüf ki, buna qədər belə bir qiymətləndirmə mexanizmi qəbul edilməmişdi. Eyni zamanda, belə düşünürəm ki, hazırda bu istiqamətdə atılan addımlar çox zəifdir. Bunun nəticəsi isə indiki mövcud vəziyyətdir”.

İqtisadçı əlavə edib ki, əksər bölgələrin yerli icra hakimiyyəti orqanları biznes mühitinin formalaşdırılmasına yalnız neqativ təsir göstəriblər.

Büdcə vəsaitləri korrupsiya predmetinə çevrildi

“Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına ayrılan irihəcmli vəsaitlərin müəyyən hissəsi korrupsiya predmetinə çevrildi. Bazar iqtisadiyyatına keçən ölkədə dövlətin fabrik-zavod tikmək kimi bir öhdəliyi yoxdur. Hökumətin əsas vəzifəsi zəruri infrastrukturun yaradılmasıdır. Ancaq infrastrukturdan daha əhəmiyyətli olan başqa amillər də nəzərə alınmalıdır. Bu sırada ilk növbədə münbit biznes mühitinin formalaşdırılmasının vacibliyi də xüsusi qeyd olunmalıdır.

Təəssüf ki, bütün region və bölgələrdəki biznes mühitinin formalaşmasına yerli icra hakimiyyəti orqanları yalnız neqativ təsirləri ilə seçilirlər. Etiraf edək ki, Azərbaycandakı infrastruktur, məsələn, qonşu Gürcüstanla müqayisədə daha təkmildir. Həmçinin, bu istiqamətdə xərclənən vəsaitlərin həcminə görə də Azərbaycan Gürcüstanı dəfələrlə qabaqlayır.

Buna baxmayaraq, Gürcüstanda yaradılmış biznes mühiti Azərbaycandakından daha yaxşıdır. Gürcüstanda real iqtisadiyyatın gəlirləri, büdcə daxilolmaları, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların ümumi iqtisadiyyatda iştirakı üzrə indikatorları Azərbaycandakından daha yüksəkdir. Yəni bu kimi məsələlər, sadəcə, infrastruktur yaratmaqla həll olunmur. Əgər bir yolla daşınacaq məhsul istehsal olunmursa, o yolun çəkilişində nə fayda ola bilər ki?

Regionlar qısamüddətli dövrdə neft pullarından müəyyən qədər yararlandılar, Bakıya axın nəticəsində regionların əhalisi kifayət qədər azaldı və azalan əhali uzun sürməyən lüksə alışdı. Ancaq 2014-cü ildən sonra vəziyyət tamamilə əksinə dəyişdi.

Düzdür, hazırda “Strateji yol xəritəsi” çərçivəsində müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ancaq bütün bu işlərin başında sahibkar və investor biznes mühitinin əlverişli olduğuna, idarəetmə orqanlarının islahat niyyətlərinin səmimiliyinə inanmalıdır. Yalnız bu halda mövcud nöqsanları aradan qaldırmağa və müəyyən nəticənin qazanılmasına ümid etmək olar”.

İqtisadiyyatımızda “Holland sindromu”nun bütün elementləri var

Ekspert bildirib ki, Bakı ilə regionların iqtisadi potensialı arasında yaranmış kəskin fərqi azaltmaq üçün təcili və real addımların atılması qaçılmazdır:

“Burada ortada olan obyektiv və subyektiv səbəbləri sadaladıq. Bəzən belə fikirlər səsləndirilir ki, regionlar mərkəzi büdcədən subsidiyalar almaqdan xilas olmalıdırlar.

Ancaq məsələyə digər tərəfdən yanaşdıqda görürük ki, 2018-ci ildə regionların illik gəlirləri təqribən 7 milyard manat həcmində proqnozlaşdırılır. Ancaq təsəvvür edin ki, bu məbləğin 6,7 milyard manatını Bakı bölgəsi verir. Bu isə o deməkdir ki, neft gəlirləri məhz Bakı bölgəsinin payına düşür.

Belə bir vəziyyətdə Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşların da o vəsaitlərdən yararlanmaq imkanı olmalıdır. Ona görə də bir bölgədən əldə olunan resurs gəlirlərinin paylanması da büdcə üzərindən həyata keçirilməlidir. Bu, baş verməlidir, dəstək olmalıdır”.

Lakin biz regionların gəlirlərinə baxanda, o qədər kiçik rəqəm görürük ki… Yəni bütövlükdə, Azərbaycan regionları 300 milyon manatlıq büdcə gəliri formalaşdırır, problem bundadır.

Qoy regionlar daha çox qazansınlar, onlara büdcədən əlavə vəsait də ayrılsın, gəlirləri artsın, xərcləmələri çoxalsın, ümumilikdə isə iqtisadiyyat böyüsün, inkişaf eləsin. Amma mövcud situasiya bizim arzuladığımızdan ciddi surətdə fərqlənir.

Hökumətin fəaliyyətinə gəldikdə isə ilk növbədə onu deməliyik ki, Azərbaycan iqtisadiyyatı təəssüf ki, hələ də diversifikasiya olunmayıb. Həm ixraca, həm büdcə gəlirlərinin strukturuna, həm də iqtisadiyyatın öz strukturuna baxdıqda, Azərbaycan iqtisadiyyatının diversifikasiya olunmadığı açıq görünür.

Yəni “Holland sindromu”nun bütün elementlərini Azərbaycan iqtisadiyyatında görmək mümkündür. Hər şey göz qabağındadır və özünüz də qiymətləndirmə apara bilərsiz”.

A. Zeynalov

COP29

www.yenicag.az

5889
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv