HÖRMÜZ BOĞAZI BAĞLANIR: Regionda genişmiqyaslı quru döyüşləri başlayır?
Hörmüz boğazında qeyri-müəyyənliyin pik həddə çatdığı bir vaxtda körfəz ölkələri neft və qaz hasilatını qorumaq üçün hansı addımları atmalıdır? ABŞ Prezidenti Donald Tramp bu regional “dalandan” necə çıxa bilər?
Bu sualları Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə şərh edib.
Ekspert bildirib ki, hazırda ABŞ-İsrail və İran qarşıdurmasında proseslər çıxılmaz nöqtəyə gəlib:
“Xüsusilə Hörmüz boğazının ABŞ müttəfiqlərinin üzünə bağlanması fonunda Trampın çağırışlarına nə NATO, nə də digər tərəfdaşlar qoşulmaq istəmir. Bir çox ölkələr bu gərginliyə sırf Vaşinqton və Təl-Əvivin şəxsi müharibəsi kimi baxır. Hörmüz boğazına qoşun yığılması genişmiqyaslı müharibə riskini artırsa da, müttəfiqlərin prosesdən qaçması Trampın çağırışlarını nəticəsiz qoyur. Belə olan halda, Tramp məcbur qalacaq ki, ABŞ desantları və öz ordusu ilə prosesə birbaşa müdaxilə etsin. Bu isə rəsmən ‘bataqlığa’ girmək deməkdir. İran və ABŞ əsgərlərinin üz-üzə gəlməsi qaçılmaz quru döyüşlərinin başlanğıcı olacaq”.
M.Əsədullazadə qeyd edib ki, körfəz ölkələri hətta koalisiya yaratsalar belə, İran qarşısında uğur qazanmaları sual altındadır:
“Tramp çalışır ki, körfəzdə ərəb ölkələri ilə hərbi koalisiya qursun. Əgər İran körfəz ölkələrinin neft və qaz infrastrukturuna zərbələrini genişləndirsə, bu ölkələr məcburiyyət qarşısında koalisiya yarada bilər. Lakin bu, onları İran qarşısında çətin və məğlub duruma sala bilər. Çünki İranın çox güclü quru qoşunları var və onlar ciddi müqavimət göstərmək potensialına malikdirlər”.
Nurlan Cəfəri













