“Görk etməliyik ki, kim Azərbaycanın müstəqilliyinə qarşı hansı bayrağın altında çıxmasından aslı olmayaraq, ağır cəzalandırılacaqlar”.
Bunu Londonda Azərbaycan səfirliyinə edilən hücum və bunun arxasında hansı güclərin dayanması ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
İlham İsmayıl bildirib ki, bunu edən qüvvələr Azərbaycanın müstəqilliyini istəməyənlərdir:
“Burada insanlar daha çox səfirliyin mühafizə olunmamasından narahatlıqlarını dilə gətirirlər. Düzdür, bu, ikinci dərəcəli məsələ olsa da, əslində, haqlıdırlar. Səfirliklərin bir qrup əməkdaşı məhz təhlükəsizliyi təmin etmək üçün var. Kimsə səfirliyə hücum edənlərə müqavimət göstərməyib. Əslində, bunun özü də son dərəcə neqativ bir haldır. Dünyada səfirliklərə hücumlar olur, ancaq Azərbaycan tarixində ilk dəfə idi ki, səfirlik terrorçu qruplar tərəfindən ələ keçirilirdi. Ermənilər dəfələrlə Azərbaycan səfirliklərinin qarşısında etiraz aksiyası keçiriblər, lakin heç vaxt binaya girən olmamışdı.
Burada əsas diqqət edilməli məsələ bayrağın yerə atılması və ora hansısa dini bayrağın sancılması idi. Onlar mesaj verirlər ki, Azərbaycanda həbsdə olan bəzi dindarlar azadlığa çıxsınlar. Bizim cəmiyyətdəkilər görsünlər ki, həbsdə olanların dostları kimlərdir. Onlar Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanda şəriət dövləti qurmaq arzusunda olan beyinlərdir. Azərbaycanda hansısa şiə incidilibsə, demək, onlar da Azərbaycanın düşmənləridir. Onların dostları Azərbaycanın düşməni olduğu kimi, onlar özləri də Azərbaycanın düşmənləridir. Məsələnin mahiyyəti budur.
Ona görə də Azərbaycanda dindarların dini bayraq altında fəaliyyəti hansısa insan hüquqlarının qorunmasına görə deyil, Azərbaycanın müstəqilliyinin əleyhinədir. Azərbaycan onlarla heç bir profilaktik söhbət aparmamalıdır. Onları cəzalandırmalıyıq. Özü də ağır şəkildə”.
Səxavət Məmməd
www.yenicag.az