Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. Abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə prosesdən xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
Yeniçağ.az