Bura Xırdalanın mərkəzidir! – Heydər Əliyev prospektindəki rəzalət - VİDEO
Xırdalan şəhərinin yolları aylardır bərbad vəziyyətdədir
Yenicag.az xəbər verir ki, Xırdalan şəhərində yolların vəziyyəti uzun müddətdir dəyişmir və bu, sakinlərin ciddi narazılığına səbəb olur. Şəhərin bir çox küçə və prospektində yaranan dərin çuxurlar gündəlik hərəkəti çətinləşdirir, həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, yol təmiri ya ümumiyyətlə aparılmır, ya da görülən işlər başdansovdu şəkildə həyata keçirilir. Qısa müddət sonra asfalt örtüyü yenidən dağılır və problem əvvəlki vəziyyətinə qayıdır.
Sakinlərin bildirdiyinə görə, yol problemləri xüsusilə Xırdalan şəhərinin Heydər Əliyev prospekti, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, H.Z. Tağıyev və Səttar Bəhlulzadə küçə və prospektlərində daha qabarıq şəkildə özünü göstərir.
Sakinlər qeyd edirlər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, Xırdalan Şəhər İcra Hakimiyyəti tərəfindən problemin köklü həlli istiqamətində ciddi addımlar atılmır. Nəticədə həm avtomobillərə maddi ziyan dəyir, həm də yol-nəqliyyat hadisələrinin riski artır.
Qeyd edək ki, mövcud vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd göstərsək də, qurumdan zənglərimizə cavab verən olmadı.
Səxavət Əliyev












