“İbrahim sazişi”ndən “Davud koridoru”na – “Bu əməliyyatlar Türkiyəyə qarşı yönəlib”
“İsrail əməliyyatlar həyata keçirməklə, Türkiyənin Suriyadakı həm siyasi, həm iqtisadi, həm də hərbi təsirini azaltmaq niyyətindədir”.
Bu fikri İsrailin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar və bunun səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Akif Qasımov deyib.
Onun sözlərinə görə, bu əməliyyatlar Türkiyəyə qarşı yönəlib:
“Bir neçə müddətdir İsrail Suriya bölgəsində savaş aparır. Bu həm lokal, həm hibrid, həm də konvensional xarakterlidir. Üç formada dəyişən müharibə hələ də davam edir. Dünən İsrail Suriya ərazisində hərbi əməliyyatlar keçirdi. İsrailin burada məqsədi Qolan təpələrindən başlayaraq Suriyanın cənub hissəsi ilə davam edən “Davud koridoru” istiqamətində gedən bir böyük əməliyyatların başlanğıcıdır. İsrail bu hücumlarla Suriyanın hazırkı hökumətini məcbur edir ki, “İbrahim sazişin”ə qoşulsun. “İbrahim sazişi”nə bir çox ərəb ölkələri qatılıb. Bu sazişinin məqsədi bölgədə ölkələrin İsraillə iqtisadi əlaqələrinin qurulması, eyni zamanda o bölgələri Türkiyədən qoparmaqdır”.
O, söyləyib ki, hazırkı müharibənin əsas məqsədi dolayısı ilə də olsa, Türkiyəyə qarşıdır:
“Türkiyənin hazırkı Suriya hökumətinə təsirləri var. İsrail əməliyyatlar həyata keçirməklə, Türkiyənin Suriyadakı həm siyasi, həm iqtisadi, həm də hərbi təsirini azaltmaq niyyətindədir. Suriyanın kürd bölgəsində də qarşıdurmalar baş verir. O istiqamətə ABŞ-nin mərkəz komandanlığının rəhbəri də həmin bölgədədir. Hibrid savaşına Türkiyəyə qarşı olan layihə kimi baxmaq lazımdır”.
Səxavət Məmməd