İbrahimoviç: “Azərbaycana qolf oynamağa gəlmişəm”
Ötən gün Azərbaycana gələn İsveç millisinin və Fransa ” PSJ” futbol klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç səfərin səbəbini Türkiyənin “Milliyet” qəzetinə açıqlayıb.
Yenicag.az futbolinfo.az-a istinadən xəbər verir ki, o, “Qalatasaray”a transfer olub-olmayacağına da aydınlıq gətirib: “Geridə qalan mövsüm bizim üçün uğurlu oldu. Hələlik gələcək karyeramla bağlı hər hansı plan qurmamışam. “Qalatasaray”a tranfser olmayacam. İstanbula sadəcə, Bakıya getmək üçün gəlmişəm. Azərbaycanı qolf oynamaq üçün seçdim”.
Qeyd edək ki, İbrahimoviç ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə gəlib.
“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov da report-a açıqlamasında İbrahimoviçin gəlişinə münasibət bildirib: “Zlatan İbrahimoviç Bakıya BEGOC-un yox, şəxsi dəvətlə gəlib”.
Nazir futbolçunun indiyədək BEGOC-da olmamasından təəssüfləndiyini də vurğulayıb.
Qeyd edək ki, 1 həftəyə yaxın ölkəmizdə qalmağı planlaşdıran 33 yaşlı hücumçu bir neçə bölgəmizi də gəzəcək. Səhər saatlarında Bakıya gələn Zlatan daha sonra Şamaxıya yola düşüb. Burada onu kababa qonaq ediblər. İbrahimoviçin Qəbələyə ziyarət etməsi də planlaşdırılır. Onun ölkəmizə ov etmək məqsədi ilə gəlməsi isə demək olar ki, öz təsdiqini tapıb.