44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində şəhid olan Anar və Nurçin Əlizadələrin oğlu Hüseyn Əlizadənin sosial şəbəkədə yeni müraciəti yayılıb.
Şəhid övladı ilk videosunda bildirmişdi ki, bacısının həyat yoldaşının özünə məxsus torpaqda inşa etdiyi tikili baş memar Elvin Həsənzadənin göstərişi ilə dağıdılıb.
H.Əlizadə bildirib ki, Gəncədəki şəhid ailələri yeni inşa olunmuş binada mənzillə təmin olunub, lakin onlara köhnə binadan mənzil verilib. Əlavə olaraq həmin mənzilin ailəyə kirayə sənədi ilə təqdim olunduğunu qeyd edib.
Onun sözlərinə görə, bacısı evləndikdən sonra 1 otaqlı evlə təmin olunmaq üçün müvafiq qaydada müraciət etsə də, bu da cavabsız qalıb.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinə edilən növbəti raket zərbəsi nəticəsində Əliyev Hüseyn Anar oğlunun ata nənəsi Əliyeva Zenfira Məmməd qızına məxsus Ə.Rəfibəyli küçəsi, 4-cü dalan, 3 №-li binada yerləşən iki otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan mənzil dağılmış və ona Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yeni inşa edilmiş binadan iki mənzil (bir otaqlı, ümumi sahəsi 34,97 kv.m və üç otaqlı, ümumi sahəsi 74,57 kv.m) verilib:
“Sözügedən bacı və qardaşın, o cümlədən onların ana valideynlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, 2021-ci ildə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, müstəsna hal kimi, Şahlar Hüseynov küçəsi, 13A ünvanında yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 69,59 kv.m təşkil edən iki otaqlı mənzil istifadə hüququ ilə Hüseyn Əliyevin qəyyumu, dayısı Əliyev Nurlan Emin oğluna verilib”.
Əlavə edilib ki, H.Əliyevin bacısı Əliyeva Sevil Anar qızına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin oktyabr ayınadək (MİDA yaşayış kompleksindən mənzillərlə təmin olunanadək) hər ay 250 manat olmaqla, ümumilikdə 2250 manat kirayə haqqı ödənilib.
Qeyd olunanlarla yanaşı, bayram günlərində, eyni zamanda uşaqların müraciətləri əsasında, həmçinin Əliyeva Sevil Anar qızının 2024-cü ildə keçirilmiş toy mərasimi də daxil olmaqla, onlara əlavə 3200 manat maddi yardım göstərilib:
“Bildirmək istəyirik ki, Əliyev Hüseyn Anar oğlunun bacısının əri Şərifov Talış Rəşad oğlu, şəhərin Atatürk prospektində, inşası davam etdirilən Gəncə Şəhər Stadionunun yaxınlığında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin həyata keçirdikləri növbəti monitorinq zamanı bu hal aşkarlanmış və tikintinin qarşısı alınmışdır. Şərifov Talış Rəşad oğluna sözügedən niyyəti ilə bağlı qanunvericiliyin tələbləri, həmçinin riayət edilmədiyi təqdirdə, məsuliyyət tədbirləri barədə izahat verilib.
İcra hakimiyyətinin bu açıqlamasına cavab olaraq şəhid övladı yeni videomüraciətində tikilinin sənədlərini göstərib və bildirib ki, ərazinin çıxarışı və xəritəsi var.
Həmin videonu təqdim edirik:
www.yenicag.az