İcra Hakimiyyəti sənət satır

media-hightechnic-468x90

erHəyat təcrübəsi göstərir ki, müsəlman ömrünün sonuna qədər  tikir, qurur, yaradır.

Sadə bir misal, əgər hansısa İvanın, Conun  əlinə artıq pul düşürsə, ağlına gələn ilk fikir həmin vəsaiti  öz zövqü üçün xərcləmək, səyahətlərə getmək olur. O pul Əlinin, Vəlinin  əlinə düşəndə isə refleks kimi dərhal tikinti ilə bağlı fantaziyalar baş qaldırır. Əli, ya da Vəli ya torpaq sahəsi alıb ev tikdirməyi planlayır, yox, əgər bundan doyubsa, evinin yanına əlavə mənzil sahəsi pərçimləməyi qərara alır.

Sadəcə, bir məsələ var, o  da son illər bu sahədə qaydaların sərtləşdirilməsi. Bir otaqlı mənzil sahəsi üçün  vətəndaş zəncirvari  şəkildə ərazidəki müvafiq dövlət orqanlarına  (əməliyyat müvəkkili, tədqiqatçı, polis sahə inspektoru), həmçinin, icra hakimiyyətinə “görüm-baxım”edir…

Frdi mənzil tikintisindəki mövcud vəziyyətlə bağlı araşdırmanı təqdim edirik:

Qanun-qayda nəyi nəzərdə tutur?

Başlayaq ilk növbədə məsələnin qanuni tərəflərindən. Fərdi mənzil tikmək istəyən şəxs bir neçə mərhələdən keçməlidir. Bura torpaq sahəsinin əldə edilməsi, evin layihəsinin çəkilib təsdiqlənməsi, layihənin ekspertizası, tikintiyə icazə sənədinin və ünvanının alınması, mülkiyyət hüququnun təsdiqlənməsi daxildir.

Bunlardan ən əsaslarını götürək: bildirdiyimiz kimi, ev tikmək üçün əvvəlcə torpaq sahəsinə malik olmaq lazımdır. Vətəndaş bunun üçün ya  torpağı  digər şəxsdən pulla alır, ya da bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır. Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləməkdən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim edir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı almaq məqsədilə 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərə (pasport və plan-ölçü) görə, 50 manat məbləğində dövlət rüsumu ödəyir.

Bu prosesdə digər vacib məqam tikintiyə icazə sənədinin alınmasıdır. Qeyd edək ki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən, tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə  imtina edir.Tikinti üçün icazə verildikdə isə maneəsiz şəkildə evin tikintisinə başlamaq mümkündür. Lakin bir şərt var: fərdi yaşayış evinin hündürlüyü. Binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalıdır. Tikiləcək  evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr təşkil etməlidir.  Ev tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi, “Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsuma gəlincə, vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait ödəyir, daha dəqiqi, ödəməlidir…

İcra hakimiyyəti orqanlarının öz qaydaları  

Yuxarıda qeyd etdiklərimiz prosesin qanuni və tələb edilən tərəfləridir. Ev tikmək  heç də  sadə deyil. Göstərilən mərhələlərin hər birinin özünün “eniş-yoxuş”u var.  Konkret olaraq bir otaqlı yaşayış sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var  ki, icra hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min manat tələb edir. Əhməd Qasımov adlı vətəndaşın dediklərindən: “1 otaqlı ev tikmişəm, bunun üçün 2000 manat pul ödəmişəm.  Evin çertyojunu çəkmək üçün MMC-yə 50 manat pul vermişəm. Onun əsasında gedib qaz, su, işıq idarələrinə sənəd təqdim etmişəm. Gətirib qazı, işığı, suyu qoşublar. Başqa sənədləri ala bilməmişəm. Çünki sənədləri düzəltmək üçün pul lazımdır. Olan pulumu da tikintiyə başlamazdan əvvəl icra hakimiyyəti orqanlarının dilindən razılıq almağa xərcləmişəm”.

 “Ev tikmək üçün heç bir rüsum yoxdur”

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma nəzarət şöbəsinin müdiri Dilxoş Nuriyev bildirir ki, tikintiyə görə heç bir rüsum ödənmir: “Dövlət Rüsumu Haqqında” qanunda  fərdi yaşayış evinin tikintisi ilə bağlı rüsum nəzərdə tutulmayıb. Vətəndaş tikinti şirkətinə layihə üçün sifariş verməlidir. Müqavilə imzalayıb  pul ödəməlidir. Layihələrə gəlincə, kvadratmetrinə görə qiymətlər dəyişir. Amma bu, böyük məbləğ deyil”.

O ki qaldı fərdi yaşayış evi tikərkən vətəndaşdan 5000 manat məbləğində əlavə pul tələb olunmasına D.Nuriyev onlara da bu barədə şikayətlərin daxil olduğunu istisna etmir: “Ən çox Səbail rayonundan şikayət daxil olur”.

Bu ərazinin “rüşvət reytinqi”ndə birinci olmasının səbəblərinə gəlincə, D.Nuriyev “bunun səbəbini deyə bilmərəm. Bir çox rayonlardan şikayət daxil olur, o cümlədən də Səbaildən. Sumqayıt şəhərindən də şikayətlər var” – dedi.

Bütün bunlarla rəğmən D.Nuriyev fərdi yaşayış evlərinin tikintisinin artdığını söyləyir: “Xüsusilə Tikinti Məcəlləsinin qəbulundan sonra bu sahədəki bütün maneələr aradan götürülüb. Torpağa dair sənədin, mülkiyyət hüququn varsa, layihəni təqdim et, evini tik”.

Fərdi yaşayış evlərinin tikintisi 2 dəfə artıb

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin rəhbəri Ramil Osmanovun sözlərinə görə, qeyri-qanuni ödənişlər o zaman baş verir ki, torpağın müvafiq sənədləri olmur: “Evin tikintisi ilə bağlı rəsmi ödəniş yoxdur. Yalnız mənzilə istismar aktı alarkən cüzi ödəniş həyata keçirilir. Bir də texniki şərti alarkən”.

Vətəndaşların fərdi yaşayış binasının tikintisi üçün belə icra hakimiyyətinə pul ödənməsinə toxunan   R.Osmanov deyir ki, burada hər iki tərəfin günahı eynidir: “Vətəndaş torpaq alarkən gələcəkdə problemlə qarşılaşmamaq üçün sənədlərə diqqət eməlidir”.

Bəs sənədlər qaydada olanda necə, yenə də rayon icra hakimiyyəti böyük məbləğdə vəsait tələb edirsə, vətəndaş nə etməlidir? Misal üçün, Publika.Az-a bir oxucu Səbayil rayonu ərazisində tikdirdiyi fərdi yaşayış binası üçün həmin rayonun icra hakimiyyətinin başçısına 15.000 manat ödədiyini yazıb. Müsahibim müvafiq icra hakimiyyəti orqanının bu tələbinin qeyri-qanuni olduğunu bildirir…

Mütəxəssisin dediyindən belə bəlli olur ki, son illər fərdi ev tikintisində bahalaşma baş verib: “Bütün seqmentlərdə olduğu kimi, bazardakı konyunkturaya uyğun olub.  Yəni qiymət həm artıb, həm azalıb. Daha çox torpağın qiymətinin dəyişməsi fərdi yaşayış evlərinin tikintisinə təsir edib. Hazırda müəyyən ərazilərdə söküntü işləri gedir. Əhali aldığı kompensasiyanı şəhərdən kənardakı ərazilərə yönəldir bu da tələbi artırır. Tələbin artımı qiymətə təsir göstərməlidir, göstərir də”.

R.Osmanov son illər fərdi yaşayış evlərinin tikintisində artım baş verdiyini deyir: “Əvvəlki illərlə müqayisədə 2 dəfəyə yaxın artım var”.

 “Bilmirəm”

Məsələyə qanunverici orqanın da münasibətini öyrənməyi qərara aldıq. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyevin problemə yanaşması  orijinal oldu: “Tikinti ilə məşğul olmuram. Bilmirəm”. Adı çəkilən komitənin digər üzvü, deputat İlham Məmmədov “Tikinti Məcəlləsi”ndə nəzərdə tutulan müddəaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarət etməli olduğunu bildirdi: “Qanunun necə icra olunmasını onlar müəyyənləşdirir. Biz sadəcə, qanunları qəbul edirik”.

Səbail rayonundan Milli Məclisə üzv seçilən Fuad Muradovun cavabı isə lap qısa oldu: “İcra Hakimiyyətinə rüşvət verən vətəndaş mənə rəsmi qaydada müraciət etsin. Mən bu məsələni araşdıraram”.

Maraqlıdır ki, sözügedən məsələ ilə bağlı deputatlar danışmağa həvəsli olmadıqlarını gizlətmirlər. Belə çıxır ki, ali qanunverici orqanın nümayəndələri icra hakimiyyətləri ilə ya konfliktə getmək istəmirlər, ya da gücsüz olduqlarını anladıqları üçün susurlar. Ortada isə sadə vətəndaşların hüquqları kobud şəkildə pozulur!

Son

Sonda belə nəticəyə gəlmək olar ki, fərdi yaşayış binası tikərkən polis orqanlarına (əməliyyat müvəkkili, tədqiqatçı, polis sahə inspektoru) və icra hakimiyyətlərinin müvafiq şöbələrinə ödənilən 5000-15000 manat qeyri-qanuni ödənişdir. Əslində isə “Tikinti Məcəlləsi” bu kimi korrupsiya hallarını aradan qaldırmaq məqsədilə qəbul edilib. Lakin icra orqanları ciblərini doldurmaq üçün buna da “çarə” tapıblar. Qanun bu məsələdə faktiki “kağız parçası”na çevrilib…

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600