“İdman Azərbaycan” kanalı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” oyununun yayımlanmayacağını təsdiqləyib.
Yenicag.az-ın xəbərinə görə, telekanalın yaydığı açıqlamada bildirilib ki, “İdman Azərbaycan” pley-off mərhələsindən etibarən oyunlarının yayım hüququna sahibdir: “Birinci, ikinci və üçüncü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələ zamanı “İdman Azərbaycan” kanalı klublara yardım edib və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə barter yolu ilə razılığa gəlmişdi. Ötən həftə keçirilən “Qarabağ” – “Şerif” oyunu zamanı da “İdman Azərbaycan” kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin “Şerif” klubu bununla razılaşmayaraq Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də “Şerif” – “Qarabağ” oyunun yayımlanmamasının səbəbkarı Moldovanın Şerif klubudur” – deyə məlumatda bildirilib.
Qol.az-ın xəbərinə görə, “Şerif” oyunun Azərbaycanda yayımı üçün 100 min dollar tələb edib. “Qarabağ” klubu məlumatı təsdiqləyib.
www.yenicag.az