İki daşın arasında qalan Zelenski: Davam, yoxsa tamam?
“Zelenskinin qarşısında duran əsas məsələ həm daxildə, həm də xaricdə dəstəyini qorumaq və ehtiyac duyulan yeni siyasi diplomatik yanaşmanı formalaşdırmaqdır”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə müharibədə mümkün addımlarını təhlil edən siyasi ekspert Ceyms Uaterhaus deyib.
Onun sözlərinə görə, Vladimir Zelenskinin prezident kimi transformasiyası artıq tarixə çevrilib – o, komediya aktyorundan müharibə dövrünün liderinə çevrilib:
“Lakin hazırkı geosiyasi vəziyyət və Donald Trampın mümkün qayıdışı onun qarşısında yeni bir dəyişiklik tələbi qoyur. Siyasi arenada artıq zalımla məzlumun sadə qarşıdurması deyil, sülh çağırışları ilə maraqları qorumaq arasında incə balans tələb olunur.
Zelenskinin liderliyi və diplomatik fəaliyyətləri əvvəlki dövrlərdə uğurla nəticələnmişdi, xüsusilə də müharibənin əvvəlində sərt və konkret mesajlarla Qqərb ölkələrini hərbi yardım göstərməyə inandıra bildi. Onun beynəlxalq arenada görünən, açıq və emosional üslubu Ukraynaya böyük simpatiya qazandırdı. Lakin uğursuz əks-hücumlar və müharibənin uzanması fonunda bu strategiya daha az effektli oldu.
Zelenski və Tramp arasındakı münasibətlər isə gərgin və dəyişkən olub. 2024-cü ilin sentyabrında baş tutan görüş zamanı bu münasibətlərin gərginliyi açıq şəkildə hiss olundu. Trampın Zelenskini “diktator” adlandırması və onu müharibənin əsas səbəbkarı kimi göstərməsi, Ukrayna liderinin isə Trampı “dezinformasiya içində yaşayan” şəxs adlandırması ikitərəfli əlaqələrə ciddi zərbə vurdu. Bu münasibətlərin nəticəsi olaraq ABŞ-nin Kiyevə hərbi yardım və dəstəyi qısa müddətə dayandırması Ukrayna üçün diplomatik və strateji çətinliklər yaratdı.
Bununla belə, bəzi rəsmi şəxslər görüşün “fəlakət” olmadığını, sadəcə qarşılıqlı anlaşmanın zəif olduğunu deyirlər. Zelenskinin siyasi çevikliyi və Avropa müttəfiqləri ilə olan münasibətləri onu hələ də ümidverici fiqur kimi saxlayır. Lakin reallıq budur ki, ABŞ olmadan Ukraynanın mübarizəsi yarımçıq qala bilər. İndi Zelenskinin qarşısında duran əsas məsələ həm daxildə, həm də xaricdə dəstəyini qorumaq və ehtiyac duyulan yeni siyasi diplomatik yanaşmanı formalaşdırmaqdır. Onun ikinci böyük transformasiyası məhz bu nöqtədə başlayır”.
Nəsimi Ələsgərli