Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan Yenicag.az-a verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlər onların iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamayacaqlar. Onlar imtahanda iştirakla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaq.
Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılmış 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 1 il müddətinə və mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 6 ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul olunub. Həmçinin 1 vəkilə töhmət, 1 vəkilə xəbərdarlıq verilib, 12 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
www.yenicag.az