Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Ağdamda açılışlar etdi - FOTO

Reklam: Sinerji Pro

13:45

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəlib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

***

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib.

Bildirilib ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

Dövlət başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib.

Bildirildi ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb. Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.

Məlumat verilib ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Dövlət başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.

Bildirilib ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünki Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın ən qədim guşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib. Ayrı-ayrı sənətkarların ifaçılıq üslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolu var. Muğam Azərbaycan musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəniyyətində və tarixində qoyduğu dərin izlə tanınır və sevilir. Bu mədəniyyət şedevrinin tarixi köklərinin Azərbaycanda olması isə ilk növbədə onun daşıyıcılarının ölkəmizdə mövcudluğu ilə bağlıdır. Odur ki, muğam hər bir soydaşımızın ana dilidir. Muğamı sevmək, ona bağlanmaq hər birimiz üçün son dərəcə təbii və doğmadır.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış edib.

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və fermer Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat veriblər.

Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki Qarabağ Atçılıq Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

Kənd tTsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

Məlumat verilib ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.

Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Bildirilib ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.

Qeyd olunub ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.

Dövlət başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.

Məlumat verilib ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.

Qeyd olunub ki, 1946-cı ildə хüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.

Dövlət başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.

Sonra xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinın, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olundu ki, bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşüblər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

Loading...

www.yenicag.az

3068
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100