İlk qadından ifritəyə transformasiya: Lilit Yehovanın adını necə öyrəndi? - ARAŞDIRMA
Bəzi inanışlarda Lilit bakirə olaraq qəbul edilir, onun cinlərlə bərabər olmadığı fikri irəli sürülür. Liltin bakirəliyi ilə ən dəqiq örnəyi isə “Gilqamış” dastanında görürük. Belə ki, “Gilqamış” dastanı Lilit adının keçdiyi ilk yazılı abidə olaraq qəbul edilir.
Yenicag.az xəbər verir ki, dastanda Huluppu ağacının Fəratın sahillərində kök saldığı məlumatı verilir və əlavə edilir ki, cənub küləkləri əsərək onu uzaqlara, Uruka aparır.
İlahə İnanna ağacı ilə şəxsən məşğul olur və ondan özü üçün bir taxt və yataq düzəltmək qərarına gəlir. İnanna ağaca qulluq edərkən onun budaqlarında Anzu quşunun kürt yatdığı və gövdəsində qaranlıq “bakirə” Lilitin özünə ev saldığı anladılır. İnanna qarşılaşdığı problemi çözmək üçün Gilqamışı çağırır. Gilqamış ilanı öldürür, Anzu quşu dağlara uçur, Lilit evini dağıdaraq qeyb olur. Göründüyü kimi, dastanda Lilitin bakirə olduğu bildirilir. Dastanda Lilitin ilanla eyniləşdiriliyini də görürük ki, bu motivə daha sonra qayıdacağıq. Qeyd etməli olduğumuz başqa bir məqam Huluppu ağacında yuva quran ilanın “ki-sikil-lîl-lâ” ibarəsi ilə anılmasıdır. Araşdırmalara görə, şumercədə “ki” yer anlamında, “sikil”in isə təmiz, təzə, bakir(ə) mənasındadır, beləliklə, “ki-sikil” “əl dəyməmiş məkan” anlamını, dolayısı ilə bakirəliyi ifadə etməkdədir. Bütün bunlar isə Lilit əfsanəsindəki cinlərlə cinsi münasibətə girmə detalını şübhə altına almaqdadır. Lakin davam etdirəcəyimiz mövzunun sonrakı qismləri də məhz bu vaqiədən yola çıxaraq meydana gəlməkdədir.
Əfsanəyə görə, Lilit Tanrının qadağan olunmuş adını öyrənir, buna görə də ölümsüzlük qazanır. Liltin Tanrıya “yox” cavabından sonra Adəm onun cənnətə dönməməsinə görə çox üzülür. Allah Adəmin üzüntüsünü yatışdırmaq üçün onu yuxuya verir və qabırğasından yeni bir qadını, Həvvanı yaradır.
Bütün bu motivlər bir araya gələrək Lilitin mənfi obrazını formalaşdırmışdır. Bu mənfi obraz sonradan müxtəlif transformasiyalara uğrayaraq fərqli mədəniyyətlər başqa adlaral ortaya çıxmışdır. Əslində, Lilit adının ifadə etdiyi mənfi məna da ona qarşı müansibəti göz önünə sərir. Lilit adının kökü “lil” şumercə olub “külək”, “yel” mənasındadır və buradan sami dillərinə keçmişdir. Bu sözün babilcəsi “lilitu”, assur qarşılığı “līlātu”, ibrani dilində “laylâ”, həbəşcə “lelīt” şəklindədir. Bu sözün “gecə” mənasını ifadə etdiyi də bildirilir. Məsələn, ərəbcədəki “Leyla” da qaranlıq anlamındadır və klassik ədəbiyyatda, məsələn Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisində Leyli hər zaman qaranlıqla anılır, onun təsvirlərində gecə ünsürü çoxdur.
“Gilqamış” dastanında Lilitin ilanla eyniləşdirilməsinin aparılması sonradan əfsanələrək Lilitlə bağlı hekayələrə daxil edilmişdir. Burada yenə də Lilit bir mənfi obraz olaraq keçməkdədir. Belə ki, Tövratda Həvvanı başdan çıxaran ilanın məhz Lilit olduğu ilə bağlı görüşlər vardır. Lilit cənnətdən çıxdıqdan sonra Adəmi Həvvadan qısqanaraq ilan cildində cənnətə gəlir və onları yasaq meyvə yemələri üçün yola gətirir. Bəzi Azərbaycan dini əfsanələrində də ilanın cənnətə daxil olması ilə bağlı versiyalar mövcuddur. Cənntə qapısı Lilit üçün bağlıdır və o, cənnətə daxil olmaq üçün yol axtarışındadır. Bunun yolunu tovuzquşunun ayağına dolanmaqda tapan ilan (Lilit) cənnətə girib Həvvanı qadağan olunmuş ağacın meyvəsindən yeməyə razı salır. Bundan sonra ilan lənətləndiyi üçün bu lənətdən tovuzquşu da nəsibini alır və ayaqlarında ilan sarılmasına bənzəyən izlər qoyur və o bütün sayğınlığını itirir. Həmçinin Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisində Leyli obrazının Lilitin arxetipi olduğu önə sürülən araşdırmalarda tədqiqatçılar qaranlıqla birlikdə, ilan motivinin də Liliti izlədiyini söyləməkdədirlər. “Gecə” Məcnunu izləyən kimi şair onun durumunu daim ilan misalı ilə açmağa çalışır”. Bu da N.Gəncəvinin Lilitlə bağlı məlumatlı olduğunu göstərir. Yəhudiliyin gizli qalmış Lilit motivinin şərqin ən böyük şairinin yardıcılığına da sirayət etdiyini deyə bilərik.
Bəzi inanışlarda ilan ölümlə əlaqələndirilir. Maleneziyalıların bir əfsanəsinə görə, insanlar ölümlə ilan kimi qabıqlarını dəyişdirib gənc qalma bacarıqlarını itirdiklərində üzləşirlər. Ölümsüzlüklərinin əllərindən alınmasına isə qövmlərindən bir nəfərin cinayət törətməsi səbəb olmuşdur.
Bir daha haşiyə edərək bura qədər anlatdığımız əfanəvi mətnlərlə oxşarlığını təsbit etidyimiz başqa bir əfsanəyə müraciət edəcəyik. Yezidi xalqının əfsanəsində də su, ağac və tovuzquşu motivinə rastlanmaqdadır. Hər tərəf su ilə qpalıykən Tanrı bir ağac yaradıb quşa dönərək onun budağına qonur. “Tawisê” mələk də quşdur və o uçarkən yorulduğu zaman həmin ağaca rast gəlir, budağına qonmaq istəyir. Quş cildindəki Tanrı isə buna icazə vermir. “Tawisê” oradan uzaqlaşdıqdan sonra Tanrı əsl siması ilə onun qarşısına çıxır. Mələkə Tanrıya vaqiəni nağıl etdikdən sonra Tanrı ona həmin ağacın yanına qayıdıb onun üzərində yuva quran quşa yardıcı, özünə isə məxluq deməsini söyləyir. Burada da Tanrının bilinmək arzusu üzə çıxır. Başqa yezidi əfsanələrində tovuzquşu Tanrıya onun yaradıcı olduğunu söyləməkdən boyun qaçırdığı üçün lənətlənir. Bu lənət yuxarıda anlatdığımız dini əfsanə ilə tovuzquşuna münasibət baxımından bənzərlik təşkil edir.
Sonralar Liltin bu mənfi xüsusiyyətləri bütün qadınlara, həmçinin Həvvaya da sirayət edilmişdir. Çünki ilan Həvvanı qadağan olunmuş meyvəni yeməyə razı salır və beləcə qadın iradə zəifliyi göstərmiş olur. Midraş mətnlərində də qadının nə üçün Adəmin qabırğasından yaradıldığı pis xüsusiyyətlərlə əlaqələndirilir. Qeyd olunur ki, qadın məğrur olmasn deyə Adəmin başından, hər şeyə baxmaq istəməsin deyə gözündən, hər şeyi eşitməkdə istəkli olamsın deyə qulağından, çox danışmasın deyə ağzından, qısqanc olmasın deyə ürəyindən, oğurluq etməsin deyə əlindən, işlətməyə həvəsli olmasın deyə ayağından yaradılmışdır. Onun qabırğadan yaradılması isə sadə, təvazökar və görünməyi sevməyən biri olması üçündür. Çünki qabırğa dəri ilə örtülmüşdür və görünmür. Bundan başqa, kişinin torpaqdan yaradılması onun xasiyyətinə də təsir etmişdir, o, yumşaqdır, qadın isə qabırğadan yaradıldığı üçün sərt və inadcıldır.
Davamı növbəti yazıda












