“İlon Maskı Amerikanın siması adlandırsaq, yanılmarıq. Amerika dünyada özünü nə qədər supergüc hesab edirsə, görünən odur ki, Mask da milyardlarla varidatın ona verdiyi təkəbbürlə özünü eyni statusda görür. Hətta Mask öz gücünü Amerikanın da gücünü arxasına alıb ikiqat güclü hesab edir. Bu isə əslində, həqiqətən də belədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi dünyanın ən zəngin adamı, “SpaceX”, “Tesla” və “X” korporasiyalarının sədri İlon Maskın son günlər dünya siyasətçiləri ilə bağlı aşağılayıcı fikirlər səlsəndirməsinin səbəblərini izah edib.
Xatırladaq ki, “X” platformasındakı yazılarında Mask, adətən, Trüdonu “qızcığaz”, Şoltsu isə “axmaq” adlandırır və dəfələrlə Ottava və Berlin hökumətlərinə həqarət dolu mesajlar göndərməkdən vaz keçmir.
A. Qasımova görə isə bu şəkildə gücə sahib olmaq sadə insan üçün tamamilə təsəvvür edilməsi çətin olan məsələdir:
“Mask isə bu gücə sahibdir. O, özünü dünyanın ağası rolunda görür. Hətta Trampın belə onun qədər iddiasının olmadığı qənaətindəyəm, çünki Tramp Amerikanın gücünə sahibdir. Onun öhdəlikləri var, amma Mask özünü sərbəst hesab edir. Bir insan ki, dünya ilə qənaətlənməyib kosmosa çıxmaq, Mars da koloniya qurmaq üçün planlar cızıb həyata keçirməyə cəhd edirsə, həm də öz gücünə, deməli, bu insan normal insan kimi fikirləşə bilməz, xüsusən də, əgər o, professional siyasətçi olmayıbsa…”
Aanalitik hesab edir ki, indi Maskın Kanadanın Baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şoltsu aşağılaması onları özündən aşağı səviyyəli insan kimi gördüyünə görədir:
“Həm də digər bir amil isə ondadır ki, Maskın onları hədəf almasının kökündə onlara qarşı qısqanclıq hissi dayanır. Məsələ ondadır ki, Mask hesab edir ki, onun milyardlarla varidatı qazanmaq potensialı, ağlı olduğu halda gəldiyi yerə qeyd edilənlər milyardlarla varidata sahib olmadan gəliblər. Yer deyəndə, yəni dünya siyasətindəki yerləri nəzərdə tutulur. Odur ki, Mask onları aşağılamaqla özünə təsəlli verir. Sonrakı proseslərdə Maskın digər siyasi liderlərə, məsələn, Fransa prezidenti Emmanuel Makron və s. kimilərə də hücum edəcəyi ehtimalı böyükdür”.
“Fikrimcə, o, nə Vladimir Putinə, nə Rəcəb Tayyip Ərdoğana eyni münasibəti göstərcək gücdə deyil. Çünki onların siyasət dünyasının əsl liderləri olduğunu yaxşı bilir. Ona görə onlara hörmət edir. Geniş mənada isə hesab edirəm ki, İlon Mask və Tramp dünyada indiyə kimi mövcud olan stereotipləri sındırmaq, dünya nizamına yeni prinsiplər gətirmək üçün məqsədli şəkildə addımlar atır. Siyasi liderlərin avtoritetlərini heçə endirməklə onların regionlarında siyasi boşluq yaratmaq istəyirlər ki, regionu idarə edə bilsinlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az