İmperialist Rusiyanın SSRİ ARZUSU: "Əgər Ukrayna müharibəsində qalib gəlsə..."
“Əgər Rusiya Ukraynada qalib gələcəksə, həmin missiyanın yerinə yetirilməsi üçün müəyyən cəhdlərin olacağını proqnozlaşdırmaq mümkündür”.
Bunu SSRİ-nin bərpası ilə bağlı iddialar barədə danışan Milli Məclisin deputatı Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, belə iddiaların səslənməsi yeni hal deyil:
“Təbii ki, burada əsas rol oynayan Rusiyadır. Rusiyanın təbliğat maşını bu istiqamətdə işləyir. Mövcud Rusiya hakimiyyətinin apardığı siyasətin əsası bir vaxtlar əllərində olan torpaqları geri qaytarmaq üzərində qurulub. Ukraynaya hücum və ərazilərin işğalı da təsadüfi deyil.
Rusiyanın hazırkı hakimiyyətinin siyasətinin fəlsəfəsi imperiya ambisiyalarını davam etdirmək, torpaqları genişləndirmək və keçmiş Rusiya imperiyasının siyasətini müasir dünyada növbəti mərhələdə davam etdirməkdən ibarətdir.
Qazaxıstana qarşı səslənən ərazi iddiaları, Moldovada Dnestryanı bölgənin əllərində saxlanması, Gürcüstanda Abxaziya və Cənubi Osetiyanı işğal etmək, Ermənistanda ordu saxlamaq bu missiyanın davamıdır. Qısacası, ərazi iddialarının müəllifi birbaşa Rusiyadır və bu belə qəbul olunmalıdır.
Əgər Rusiya Ukraynada qalib gələcəksə, həmin missiyanın yerinə yetirilməsi üçün müəyyən cəhdlərin olacağını proqnozlaşdırmaq mümkündür”.
Nəsimi Ələsgərli












