“İnam” yenə də efir məkanında ilkə imza atdı
Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan “İnam” verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə Ramazan ayında adi günlərdəki verilişlərdən fərqlənir.
Belə ki, Ramazan ayında “İnam” verilişinə dəvət olunan tanınmış mənəviyyat adamları Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürür.
Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən “İnam” Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, tanınmış mədəniyyət xadimləri, sənət adamları ilə birgə insanlara doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq, Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə məlumatlandırırlar. “İnam” komandası Ramazan ayının başlandığı gündən bu məsuliyyətli vəzifənin öhdəsindən layiqi ilə gəlir. “İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, həkimləri, xanəndələri, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına işıq salır. Xüsusilə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin dəvət aldığı bu verilişlərdə ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirilir.
Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır.
Eləcə də, inanclı insanların vəkaləti ilə Ramazan ayında oxunanan Quranların xətmi ilə də “İnam” bir ilkə imza atmış olacaq. Bu gün ehtimal olunan sonuncu Qədir gecəsində “İnam”ın işığında şəhidlərimizə və Ulu öndər Heydər Əliyevə, Akademik Zərifə Əliyeva xətm edilən Quranı Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri oxuyacaq. Xətm edilən Quranın isə sonuncu duasını Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli həyata keçirəcək.
Yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edib. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər. Onu qeyd etmək lazımdır ki, “İnam” inanclı insanların duyğularının başqa ölkələr tərəfindən istismar edilməsinin qarşısını kəsə bilib. Artıq insanlar yad ölkələrdən yönələn fətvalara deyil, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin fətvalarına diqqət ayırdılar. Həm də son 30 ildə “İnam” ona nail ola bildi ki, xalq hansı görüş mənsubu olmasına baxmayaraq, eyni gündə-ayın 10-da bayram etməyə başladı. Əlbəttə ki, bu məsələdə “İnam” verilişinin ideoloji cəbhədə apardığı mübarizə öz uğurlu nəticəsini verdi.
Ötən il olduğu kimi, bu il də “İnam” dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynadı. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin olduğunun dünyaya göstərə bildi. Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi “İnam” verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bildilər. “İnam” da bir ay ərzində insanlar tək Ramazan ayı ilə yox, bütövlükdə İslam dinin və onun doğruları barədə din ailmərinin, ilahiyyatçıların elmi-nəzəri yanaşmasına şahidlik etdilər.
Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə “İnam” komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı. Hamıya bəllidir ki, bu sualların hamısını efir vasitəsilə cavablandırmaq mümkün deyil.
Beləliklə, “İnam”ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş oldu. “Space” televiziyası isə “İnam” verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş oldu.