10 il. Burada baxdıqda, qosqoca on il keçdi o gündən bəri…
2006-cı ilin fevralında “Yeni Çağ” qəzetini təsis edən, ancaq dövrün tələbinə Azərbaycanda ilk səs verənlərdən olub, Yenicag.az-ı yaratdıq. Bir əlin barmaq sayını keçməyən kollektivi ilə yola çıxdıq. Hədəfimiz isə böyükdü.
2007-ci ilin 5 sentyabrında keçirilən mətbuat konfransında iddialı-iddialı “Savaşmaq təkcə əlinə silah düşmənə qarşı vuruşmaq deyil. Biz özümüzün, çevrəmizin inkişafı üçün çalışmalıyıq. Bizlər susduqca, missionerlər də, digər zərərli ünsürlər də getdikcə ölkəni ələ keçirirlər. Onlar öz dünyalarının insanını yaratmaq üçün çalışırlar. Bizim təməl hədəfimiz isə YENİ ÇAĞın insanını yaratmaq olmalıdır, yəni prossesləri düzgün qiymətləndirən, hadisələrə doğru prizmadan yanaşan, dininə, millətinə və dövlətinə sevgi ilə baxan, gərəkirsə onun uğrunda şəhid olmaqdan çəkinməyən bir insan yaratmalıyıq. Ədalətin təcəlli etməsi, zülmün önlənməsi üçün savaşan bir YENİ ÇAĞ insanı!” deyərək, yeni düşüncədən bəhs edirdik.
Çoxları “həvəsdi, daha bəsdi” deyib, dayanacağımızı gözləyirdilər. Haqsız da sayılmazdılar.
Sıfır dəstək, bol düşmən.
Haqlıykən, hər yerdə haqsız elan edilmək qədərin bir parçasıydı…
FETÖ Türkiyədə ən böyük iqtidar ortağıydı, “Dialoq Avrasiya” adıyla da burada at oynadırdı. Yüzdəyüz haqlı olduğumuz halda sırf fətullahçıların sifarişi ilə xəbərdarlıqlar alırdıq, məhkəmələrdən, mətbuatla bağlı qurumlardan…
Kimsə dinləmək istəmirdi bu aykırı səsi…
Bizə salam verənləri sadalayarkən, Hüseyn bəy, Tənzilə xanımın adını yazdıqdan üçüncü kimin adını yazmaq barədə fikirləşirdik…
Ancaq yorulmadıq… Usanmadıq… Çünki qulağımızdan Mustafa Kamalın sözləri heç getmədi: “Böyüklük odur ki, heç kimsəyə iltifat etməyəcəksən, heç kimsəni aldatmayacaqsan, məmləkət üçün gerçək ideal nədirsə, onu həyata keçirəcək, o hədəfə doğru yürüyəcəksən. Hər kəs sənin əleyhinə çıxacaq. Hər kəs səni yolundan döndərməyə çalışacaq. Önünə saysız-hesabsız əngəllər yığacaqlar. Özünü böyük deyil, kiçik, zəif, silahsız sayaraq, kimsədən də yardım gəlməyəcəyinə inanaraq, bu problemləri aşacaqsan. Ondan sonra sənə “böyüksən” deyəndə, bunu deyənlərə güləcəksən”.
Yenicag.az geniş imkanlara sahib, yağ-bal içində qurulmadı. Bir işlənmiş kompyuterdə növbəylə yazan Aqilin, Namiqin, Qoşqarın çiynində başladı fəaliyyətə…
Yenicag.az başlayarkən, bir söz verdim. Tək qalsam da, bu yoldan dönməyəcək və Yenicag.az-ı bir gün istədiyimiz hədəfə çatdıracaqdıq. O hədəfə doğru irəliləyirik! Günəşi görməyə başlayırıq. Onun üçün “indi bizim ÇAĞIMIZDIR” deyirik!
Qarşımıza yığılan əngəlləri bir-bir aşdıq…
Bu gün sadəcə, Azərbaycanda deyil, Türkiyə başda olmaqla, bir çox ölkədə haqlı və FETÖ ilə bağlı azsaylı etibarlı xəbər qaynağı olduğumuz bilinməkdədir.
Bu gün on minlərlə insan Yenicag.az-ı, Yenicag.ru-nu, Yenicag.info-nu oxumaqdadır. Bu gün aylıq səhifələnməmiz milyonları keçib.
Beynəlxalq reytinq cədvəllərində ən öncül yerləri tutmaqdayıq….
Bütün bunlar bir dirənişin əsəridir…
Gəmini tək qoymayıb, təkbaşına da olsa, aparılan mübarizənin əsəridir…
On il kiçik bir rəqəm deyil. Biz də bunun fərqindəyik. Daha böyük uğurlar qazanmaq üçün bu yola çıxdıq…
Üç dost olaraq çıxdığımız bu yolda sıralarımızı genişləndirdik. Bu gün Azərbaycanın sayseçmə imzalarının birləşdiyi “Yeni Çağ” Media Qrupuna çevrildik. Hətta üç gün öncə ilk toyumuzu da gerçəkləşdirdik. Yenicag.az-ın redakoru Sevər Abbaslının şad günündə hamımız güldük, əyləndik, şadlıq etdik.
Bu gün media qrupumuzda Qafqaz Ömərov, Zakirə Zakirqızı, Araz Zeynalov, Nicat Hacıyev, Cəvahir Nehru, Rüstəm Qasımov, Emin Səfərov, Aytək Yusifli kimi öz sahələrinin asları fəaliyyət göstərir.
Sevər, Aydan, Cəmalə, Rəsul kimi gənclər Yenicag.az-ın gələcəyinin parlaq olacağının qığılcımlarıdır.
Bu gün ölkəmizin hüdudlarından kənardan təbriklər alırıqsa, bu uğur sadəcə bizim deyil, Azərbaycan mediasının uğurudur.
Sözün qısası, indi bizim ÇAĞIMIZDIR!
P.S. Yenicag.az bu illər ərzində çox uğurlara imza atdı, həm daxildə, həm xaricdə çox mükafat aldı. Ancaq 10 illiyimizə ən böyük hədiyyə 22 iyul Milli Mətbuat günündə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verildi. Yenicag.az-ın və mənim fəaliyyətimə verdiyiniz dəyərə görə, bir daha təşəkkürlər, mənim Prezidentim!
www.yenicag.az