İran boğazda gəmiləri vurmaqla ABŞ-a necə dərs verir? – "Amerikanın nə hərbi, nə də diplomatik gücü qalıb"
“Nüvə məsələsi artıq müzakirə olunmur, bu, Tehranın qalibiyyətidir…”
Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Elşad Mirbəşiroğlu Hörmüz boğazı ətrafındakı gərginliyi və ABŞ-İran münasibətlərini şərh edərkən deyib.
Politoloq İranın boğazda ticarət gəmilərinə atəş açaraq onları dayandırmasını belə dəyərləndirib:
“Hörmüz boğazı ətrafında vəziyyət gərgin və qeyri-müəyyən olaraq qalır. Bu durum təkcə qlobal iqtisadiyyata deyil, həm də siyasi proseslərə mənfi təsir göstərir. Ticarət gəmilərinin keçidinin məhdudlaşdırılması tərəflərin maraqları ilə ziddiyyət təşkil edir ki, bu da ABŞ və Avropa arasındakı münasibətlərə neqativ təsir edərək ‘soyuq müharibə’yə yol açır. Nəticədə Avropa İttifaqı artıq ABŞ-sız müdafiə və təhlükəsizlik sistemi barədə intensiv düşünməyə başlayıb.
Boğaz məsələsi Vaşinqton üçün iqtisadi deyil, daha çox prinsipial və nüfuz məsələsinə çevrilib. Amerika gəmilərin keçidini təmin etmək üçün 15 min hərbçi və böyük hərbi dəniz arsenalını cəlb edərək yeni plan təqdim edib. Bu, boğazda donanmaların döyüşü təəssüratını yaratsa da, düşünürəm ki, açıq qarşıdurma baş tutmayacaq. Çünki genişmiqyaslı müharibə respublikaçıların siyasi mövqeyinə ciddi zərbə vura bilər. Digər tərəfdən, İranla müharibə xərcləri ilə bağlı ABŞ daxilindəki rəqəmlər (25 milyarddan 100 milyard dollara qədər fərqli iddialar) ciddi narazılıqlara səbəb olub”.
E. Mirbəşiroğlu qeyd edib ki, mövcud vəziyyət Trampın siyasi karyerasının zərərinə işləyir:
“Əgər boğazda donanmalar arasında müharibə vəziyyəti yaranarsa, bu, Trampın imicinə ağır zərbə vuracaq. O, dəfələrlə İran donanmasını məhv etdiyini bəyan etmişdi; belə bir qarşıdurma reallığın fərqli olduğunu dünyaya göstərəcək. Dünya artıq Amerikanın nə hərbi, nə də diplomatik tərəfdən qalib gələ bilmədiyinin şahidi olur.
Tramp gəmilərin keçidini ‘humanitar dəhliz’ kimi qələmə verməyə çalışsa da, İran tərəfi geri çəkilməyəcəklərini bəyan edib. Bununla belə, donanmaların qarşıdurması sonda sülh müqaviləsinin bağlanması üçün katalizator ola bilər. Dünya mediasının yazdığına görə, danışıqlarda İranın nüvə məsələsi artıq müzakirə edilmir. Bu isə İranın psixoloji qələbəsi deməkdir”.
Nurlan Cəfəri













