İsrail mətbuatı İranın gələcək cavab tədbirləri ilə bağlı geri addım atdığını iddia edib. İddialara görə, İran ABŞ ilə danışıb.
Yenicag.az xəbər verir ki, Tehran administrasiyasının ABŞ-a İsrailin İrana mümkün əks-hücumunu “məhdudlaşdıracağı” təqdirdə, mövzunu bağlayacağı mesajını verdiyi iddia edilib.
İsrailin “Reshet Bet” radiosunda yayımlanan xəbərdə Tehran rəhbərliyinin İsrailin İrana mümkün hücumu ilə bağlı üçüncü ölkə vasitəsilə ABŞ-yə mesaj göndərdiyi iddia edilib.
Adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə İsrailin İrana mümkün hücumu “məhdud” olarsa, Tehran administrasiyasının “məsələni bağlayacağı” iddia edilib.
İran dövlət televiziyasının məlumatına görə, xarici işlər naziri Abbas Erakçi Omana səfəri zamanı İran mətbuatına açıqlama verib.
İran və ABŞ arasında Oman vasitəsilə aparılan danışıqlar prosesi ilə bağlı sualı cavablandıran Erakçi danışıqların dayandırıldığını açıqlayıb. “Məsqət prosesi hazırda regionun xüsusi şərtlərinə görə dayandırılıb və hazırkı böhran aradan qaldırılmayana qədər bu danışıqlar üçün heç bir əsas görmürük”, – deyə o bildirib
Son aylar İran və ABŞ Oman və Qətər vasitəsilə dolayı danışıqlar aparır. ABŞ mətbuatı həmçinin İran və ABŞ rəsmilərinin iyun ayında Oman vasitəsilə İsrail məsələsi və nüvə məsələləri ilə bağlı görüşdüyünü yazıb.
İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu hədəfə alıb və İran İsrailə raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə cavab verib.
ABŞ-ın təzyiqi ilə İsrailin bu hücuma sərt cavab vermədiyi bildirilib.
İsraildən sərt cavab gəlmədiyi üçün aprelin 19-da Təl-Əvivin “kiçik miqyaslı cavab tədbiri”nə İran cavab verməyib.
İran sonuncu dəfə oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücumuna cavab verəcəyini açıqlayıb.
İsrail İrana cavabının “aydın, sərt və ölümcül” olacağını vurğulayaraq, İranın nüvə obyektləri və yanacaq istehsal sahələrinin hədəf alındığını bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az