!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran getdikcə TƏKLƏNİR: “Tramp daha da sərt siyasət həyata keçirəcək”

!Reklam – Yazi

“İranın bu cür görüşlərə dəvət olunmaması tamamilə təbiidir. Uzun illərdir ki, İran hazırkı hakimiyyətin əsas rəqibi olan Bəşər Əsəd rejiminin qatı tərəfdarı kimi çıxış edib və rejimin mövcudluğunu qoruyub saxlamaq üçün hərbi və maddi baxımdan hərtərəfli dəstək göstərib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Suriyadakı vəziyyətlə bağlı keçirilən görüşə İranın dəvət olunmamasını şərh edib.

Onun sözlərinə görə, bu baxımdan, İranın belə bir görüşə dəvət olunması məntiqə uyğun olmazdı:

“Hətta Suriyada hakimiyyət dəyişikliyindən sonra İranın ali dini lideri Seyid Əli Xamenei açıqlama verərək, ölkəsinin hazırkı rejimlə mübarizə aparacaq istənilən gücün yanında olacaqlarını bəyan edib. Eyni zamanda, İranın Suriya ərazisindəki PKK/YPG qruplarına dəstək verdiyi və onları yeni rejimə qarşı qaldırmaq üçün fəaliyyətlər göstərdiyi məlumdur. Hətta bu məqsədlə PUA-ların ötürülməsi planı ilə bağlı danışıqlar aparıldığına dair məlumatlar var. Belə bir vəziyyətdə İranın bu görüşlərdə iştirakı mümkün deyil”.

Analitik əlavə edib ki, Almaniyanın görüşdə iştirak etməsi isə Avropa İttifaqını təmsil etməsi ilə bağlıdır:

“Çünki Suriyaya qarşı tətbiq olunan sanksiyaların böyük bir hissəsi yalnız ABŞ tərəfindən deyil, eyni zamanda, Avropa İttifaqı tərəfindən də tətbiq olunur. Almaniyanın iştirakı həm də Avropa İttifaqı ölkələrinə və təşkilata sanksiyaların götürülməsi ilə bağlı bir mesajdır. Trampın hakimiyyətə gəlişinin İranla münasibətlərə təsiri məsələsinə gəlincə, məlumdur ki, Tramp birinci hakimiyyət dövründə İranla bağlı sərt təzyiq siyasəti həyata keçirib və bu siyasətin davam edəcəyi gözlənilir. İranın Rusiya ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa tələsik can atması isə gələcək təzyiqlərə tab gətirmək məqsədilə atılan addımdır”.

Rafi Müslümov

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv