!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran hadisələri başlanğıcdır, növbədə Əfqanıstandır” - Türkiyəli alim

!Reklam – Yazi

“Əfqanıstanda proseslərin gərginləşərək nəzarətdən çıxacağı qənaətindəyəm”.

Yenicag.az xəbər verir ki, Türkiyə İbn Haldun Universiteti Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri, dosent Talha Köşə “Star” qəzetinə müsahibəsində İranda baş qaldıran son etirazların bölgə ölkələrinə mümkün təsirini dəyərləndirib.

– İrandakı son hadisələrdə CIA-nın İran şöbəsinin yeni rəhbəri Maykl de Andreanın əl izi varmı? Vəzifəyə keçəndən 7 ay sonra İran qarışdı…

– De Andreanın bu vəzifəyə təyin edilməsi Barak Obamanın İranın region ölkələri ilə inteqrasiyasına şərait yaratmaq siyasətindən fərqli olaraq, Donald Trampın Tehrana yönəlik siyasətində kəskin mövqe tutacağının təsdiqidir. İranın regionda təsir dairəsini genişləndirməsi də İsrail və Səudiyyə Ərəbistanını ciddi surətdə narahat etdi. Bu durum Türkiyə üçün də müəyyən narahatlıq yaradıb. O baxımdan, İranı “öz sərhədlərinə qaytarmaq” üçün bu ölkəni daxili problemlərlə məşğul etmək gözləntiləri vardı. Başqa vacib məqam isə İranda bank sektorunun ötən yay kəskin vəziyyətlə üzləşməsi oldu. Bu məsələdə Amerikanın hansı rolunun olduğunu söyləmək çətindir.

– Buna aydınlıq gətirək…

– Məncə, Amerika İranı çökdürmək üçün sistemli addımlar atır. Bu siyasət qarşıdakı dövrdə də davam edəcək. Eyni zamanda, Amerikanın bu məsələdə İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli şəkildə işlədiyini görmək mümkündür. Həmçinin Suriya və Yəməndə böhranın davam etməsi də İranın vəziyyətini çətinləşdirən amillərdir. Məsələ tək maddi itkilərdə deyil, İran o ölkələrdə həm də insan itkiləri ilə üzləşməkdədir. Bu vəziyyət isə İran cəmiyyətinin ovqatına təsirsiz ötüşmür. Məsələn, son etiraz aksiyalarında “Suriyaya deyil, özümüzə bax” şüarının səsləndirilməsi də bu fikirlərin təsdiqi sayıla bilər.

İranın strategiyasına baxdıqda görə bilərik ki, məqsəd “daxili müharibəni xaricdə” – Livan və Suriyada aparmaqdır. Yaranan böhran isə bu dəfə İranın daxilində təzahür etdi. Hazırda İranda etirazların dayandığı təəssüratı yaransa da, mən əksini düşünürəm. Bu, son yox, başlanğıcdır.

– Nəyə görə başlanğıcdır? Əgər İrandakı etiraz dalğası qəsdən yaradıldısa, bu, İpək Yolunun “minalanması” deyilmi?

– İranda yox, Əfqanıstanda proseslərin nəzarətdən çıxacağı qənaətindəyəm. Con Bassın da İŞİD-li “aktyor”lar kimi araya girməsi bu perspektivin bir əlamətidir. İpək Yolunun Çin, Orta Asiya, Pakistan, İran və digər hissələri var. Çox mühüm nöqtədir…

Məlumatlara görə, Amerika İŞİD yaraqlılarını Əfqanıstana daşımaqdadır. Eyni zamanda, Rusiyanın Əfqanıstanda “Taliban”la anlaşdığı bildirilir. Həmçinin Pakistan da həmin ölkədə müəyyən əməliyyatlar keçirir, gərginlik artır, MakMasterin Amerikada qalacağı söylənilir və sair. O baxımdan, Əfqanıstandakı gərginliyin məhz İpək Yolu ilə bağlı olduğu görünür. Əslində, İpək Yolundan ən çox istifadə edəcək üç ölkə var: Çin, İran və Türkiyə. İpək Yolu Türkiyəyə türk dünyasında əlavə üstünlüklər qazandıracaq. Amerikanın isə Əfqanıstanı Çinin üzünə bağlamaq istədiyi görünür. Vaşinqton ümumiyyətlə, İpək Yolunun işləməsindən qətiyyən məmnun deyil. Ona görə də Əfqanıstanla bağlı siyasətində ciddi dəyişikliyə əl atmaqdadır.

Tramp hazırda Pakistandan da istədiyi kimi istifadə edə bilmir. Pakistanla Çin arasında ciddi strateji tərəfdaşlıq mövcuddur. Çin Pakistan üzərindən Əfqanıstandakı proseslərə nəzarət imkanı qazanmağa çalışır, Amerikanın bu ölkədəki siyasətinin uğur qazanmasına mane olur. Bu deyilənləri nəzərə alaraq, gərginlik mərkəzinin Yaxın Şərqdən Əfqanıstana keçiriləcəyini düşünürəm. Çünki ABŞ-ın əsas hədəfi Çindir.

COP29

www.yenicag.az

1838
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv