İran iqtisadiyyatı üçün "qiyamət günü" SSENARİSİ: Blokada çöküşə səbəb olacaq?
“Hörmüzün blokadası İran iqtisadiyyatının sonunu gətirə bilər”
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Ekspert Hörmüz boğazının bağlanmasının beynəlxalq iqtisadiyyata və region ölkələrinə vura biləcəyi maliyyə zərərlərindən danışıb:
“Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazı ətrafında mümkün dəniz blokadası ssenarisi İran iqtisadiyyatı üçün ciddi risklər vəd edir. Mövcud hesablamalara görə, belə bir blokada ölkə iqtisadiyyatına gündəlik təxminən 450-500 milyon dollar zərər vura bilər. Bu məbləğin 290-300 milyon dolları ixrac gəlirlərinin itirilməsi, 150-200 milyon dolları isə idxal prosesinin pozulması ilə bağlıdır.
Əsas zərbə məhz enerji sektoruna dəyəcək. İranın gündəlik təxminən 1,5 milyon barel neft ixracının məhdudlaşması dövlət büdcəsinə və valyuta daxilolmalarına ağır təsir göstərə bilər. Bununla yanaşı, neft-kimya məhsullarının ixracının və Fars körfəzi limanlarından asılı olan digər ticarət əməliyyatlarının dayanması təchizat zəncirində ciddi qırılmalara səbəb olacaq. Valyuta axınının zəifləməsi isə milli valyutanın dəyərdən düşməsini sürətləndirəcək, inflyasiya təzyiqini artıracaq və sosial-iqtisadi sabitliyi sarsıdacaq”.
İqtisadçı qeyd edib ki, mövcud gedişat dəyişməzsə, İran iqtisadiyyatı çöküş həddinə çata bilər:
“Bu ssenari qısa müddətdə bazarlarda panika, orta müddətdə isə iqtisadi daralma və sosial gərginlik risklərini maksimuma çatdırır. Zənnimcə, belə bir vəziyyətdə İran iqtisadiyyatının tam çökməsi ehtimalı olsa da, bu, qaçılmaz deyil. Ölkə uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyindən alternativ ticarət kanalları və qeyri-rəsmi ixrac mexanizmləri formalaşdırıb. Xüsusilə Çin kimi tərəfdaşlara yönələn dolayı ixrac, eləcə də Türkiyə, İraq və Pakistan ilə quru ticarət əlaqələri iqtisadi təcridin təsirini qismən yumşalda bilər.
Eyni zamanda, belə bir blokada yalnız regional deyil, qlobal iqtisadi risklər də doğurur. ABŞ tərəfindən bu tip addımın atılması beynəlxalq enerji bazarlarında kəskin qiymət artımına və tədarük qeyri-müəyyənliyinə səbəb ola bilər. Nəticə etibarilə, dəniz blokadası İran iqtisadiyyatına ağır zərbə vursa da, ölkənin mövcud adaptasiya imkanları və alternativ kanalları tam iqtisadi kollapsın qarşısını müəyyən dərəcədə ala bilər”.
Nurlan Cəfəri













