İran hökumətinin sözçüsü Əli Rabi bu ölkənin kosmodromunda partlayış baş verməsi faktını təsdiq edib.
Yenicag.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.
İran rəsmisi bildirib ki, hökumət raketlərin fəzaya buraxıldığı start meydançasında baş verən partlayışın səbəblərini müzakirə edir. Onun sözlərinə görə, həmin anda kosmosa göndəriləcək peyk hələ həmin meydançaya gətirilməyib. Əli Rabi əlavə edib ki, partlayışın texniki səbəblərdən baş verdiyi ehtimal edilir.
ABŞ-ın Milli İctimai radiosu avqustun 29-da İranın İmam Xomeyni kosmodromundan kosmosa raket göndərməyə cəhd etdiyini və bunun uğursuzluqla nəticələndiyini bildirmişdi. İranın İnformasiya-Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri isə avqustun 30-da bəyanat verərək bu məlumatı təkzib etmişdi. O bildirmişdi ki, “Nahid-1” peyki yaxşı vəziyyətdədir və hazırda buraxılış meydançasında yerləşdirilib./AZƏRTAC/
www.yenicag.az