Bayden İrana xəbərdarlıq edib ki, Trampın öldürülməsi müharibə aktı olacaq. Trampın qərargahı isə onun təhlükəsizliyinin qorunması üçün hərbi təyyarə tələb edib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin “Fox News” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, prezident Co Baydenin Milli Təhlükəsizlik Şurasına keçmiş prezident Trampın həyatına hər hansı bir cəhdin müharibə aktı sayılacağını İrana açıq şəkildə bildirməyi tapşırdığı qeyd olunur.
“Dəhşətli xəbərdarlıq Tramp komandasının onun həyatına konkret cəhdlər barədə məlumat alması və raketləri vura bilən hərbi təyyarələr üçün qeyri-adi sorğu ilə çıxış etməsi zamanı edilib. Onlar Trampı kampaniyanın son həftələrində daşıyacaqlar”, – deyə bildirilib.
Qeyd olunub ki, ABŞ-nin keçmiş prezidenti general Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə İranın qisas almasından qorumaq üçün görünməmiş tədbirlər görür.
“Politico”ya görə, keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri general Kennet Makkenzi kimi məmurların müdafiəsinə ildə təxminən 150 milyon dollar xərclənir.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Seyvit isə söyləyib ki, Vaşinqton bunu ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi hesab edir və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayır. O, təsdiqləyib ki, İran uzun müddətdir ki, Süleymaninin öldürülməsinə görə Trampdan qisas almaq istəyir.
“Biz əmin etmişik ki, aidiyyəti şöbələr mütəmadi və operativ surətdə keçmiş prezidentin təhlükəsizlik işçilərini təhdidlərlə bağlı yenilənmiş məlumatlarla təmin etsin. Bundan əlavə, Prezident Bayden ABŞ Məxfi Xidmətinin keçmiş prezidentə qarşı inkişaf edən bu təhdidləri aradan qaldırmaq üçün lazım olan bütün resursları, imkanları və müdafiələri alması barədə göstərişini təkrarlayır”, – deyə o bildirib.
Xatırladaq ki, Birləşmiş Ştatların sözügedən hücumlarından sonra həm Tramp, həm də 2020-ci il zərbələri əmrini verən yüksək vəzifəli məmurları İranın ölüm təhdidləri ilə üzləşiblər. Həmçinin Tehran bu yaxınlarda Trampın kampaniyasını sındıraraq, demokratlara və mediaya məlumat sızdırmağa çalışıb.
Rafi Müslümov
www.yenicag.az